Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr- “Zəfər Günü”nə həsr olunmuş “ZƏFƏRİMİZ ƏBƏDİDİR!” adlı tədbir keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdə Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, bələdiyyələrin, orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin, mədəniyyət müəssisələrinin, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsini və Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət edərək, onların əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə iştirak edənlər rayonun orta ümumtəhsil məktəb şagirdlərinin 8 Noyabr – “Zəfər Günü” və 9 Noyabr –“Bayraq Günü”nə həsr olunmuş rəsm sərgisi ilə tanış oldular.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və Vətən torpağı uğrunda canlarından keçərək ən Uca Zirvə- Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev Şanlı Qələbə – 8 Noyabr – “Zəfər Günü” münasibətilə hər bir kəsi təbrik edərək qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq.
Daha sonra Vətən müharibəsi şəhidi – Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Qarabağ” ordenli gizir İbrahim Sadıxlının atası Şahin ata və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” “Füzulinin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunan şəhid əsgər Teymur Zeynalovun atası Tağı ata çıxışlarında övladlarının yoxluğundan əziyyət çəkdilərini ifadə etsələr də, övladı ilə fəxr etdiklərini, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, şəhidlərimizin xalqımıza böyük qürur hissi yaşatdığını qeyd edərək, şəhidlərimizin xatirəsinə göstərilən hörmət və ehtiramdan böyük məmnunluq hissi keçirdiklərini bildirdilər. Həmçinin onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdi.
Növbəti çıxış edən Vətən müharibəsi qazisi Rəhman Qəhrəmanov söylədi ki, “Torpaq namusdur, qeyrətdir. Torpaq heysiyyatı hər birimizin qəlbindədir. Onu düşmən işğalından azad etmək hər bir ölkə vətəndaşının vicdan borcu idi. Şükürlər olsun, biz həm vicdan borcumuzu, həm də vəzifə borcumuzu layiqincə yerinə yetirdik. Ali Baş Komandanımızın qətiyyətli addımları, xalqımızın ordunun yanında olması, cəmiyyətimizin müharibəyə, Böyük Qələbəyə köklənməsi bizi daha irəlilərə apardı. Şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə xalqımızı təbrik edir, Vətən uğrunda canından keçən bütün şəhid qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.
Sonda çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun orkestrinin ifasında marşlar, 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcılıq kollektivi və 153 saylı körpələr evi-uşaq bağçasının bir qrup körpə fidanları tərəfindən şeir kompozisiyaları səsləndirildi.
Bineqedi.com