Noyabr ayının 12-si ölkəmizdə çox əlamətdar bir hadisənin ildönümü qeyd olunur. Belə ki, Azərbaycan Respublikasının əsas qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gündür. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib və müstəqilliyimiz bərpa edildikdən sonra ilk Konstitusiyamızdır.
Bineqedi.com xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə əsasən Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında, daha sonra buna uyğunlaşdırılaraq 1925-ci il martın 14-də yenidən IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası isə SSRİ Konstitusiyasına uyğunlaşdırılıb: “Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə ümummilli lider Heydər Əliyev sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi hüquqi dövlət quruculuğu sahəsində atılan ən önəmli addımlardan biri idi. Bu əlamətdar hadisənin təşəbbüskarı isə məhz ulu öndər Heydər Əliyev olub. Dahi şəxsiyyət bütün sahələrin dirçəlişinə və inkişafına diqqət göstərdiyi kimi, qanunvericilik bazasının formalaşması və təkmilləşdirilməsinə, xüsusilə ölkəmizin ana qanunu olan Konstitusiyamızın qəbul edilməsi prosesinə də xüsusi diqqət göstərirdi, bunun dövlətçilik tariximizdə olduqca vacib bir addım olduğunu vurğulayırdı ”.
Azərbaycanın ilk Konstitusiyasının 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarət olduğunu diqqətə çatdıran Vüsar İsmayılov Konstitusiyaya ilk əlavə və dəyişikliyin 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edildiyini söylədi: “İnkişaf edən, daim yenilənən və dövrün tələblərindən, mövcud vəziyyətindən irəli gələrək qanunvericilik bazasının, ölkə Konstitusiyasının təkmilləşdirilməsinə, orada əlavə və dəyişikliklərin edilməsi zərurəti yaradır. Sözsüz ki, təklif edilən əlavə və dəyişikliklər referendum yolu ilə xalqa təqdim edilir və səsvermə nəticəsində qəbul edilir. Bu baxımdan zaman-zaman Konstitusiyamıza edilən əlavə və dəyişikləri xalqımızın iradəsinin təzahürü kimi qiymətləndirmək olar”.
Rayon təşklatının sədri açıqlamasında, eyni zamanda 12 Noyabr Konstitusiya Gününün əhəmiyyətinə toxunaraq, qeyd etdi ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1996-cı il fevralın 6-da noyabrın 12-i Konstitusiya Günü elan edildi və hər il bu tarixi gün ölkəmizdə yüksək səviyyədə qeyd olunur.
Bineqedi.com