Qısa arayış…
2021-ci il iyunun 17-də Binəqədi rayonu 6-cı mikrorayonda, “Pitomnik” adlanan ərazidə 1985-ci il təvəllüdlü R. Oruclu qətlə yetirilir. Onun çürüməyə məruz qalan meyiti 3 gün sonra, iyunun 20-də aşkarlanır. Dərhal hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları əraziyə cəlb olunaraq, araşdırmalara başlayırlar…
İstintaq-əməliyyat yolu ilə qətlin 1988-ci il təvəllüdlü Z. Zeynalov tərəfindən törədilməsi müəyyən edilib. Şübhəli şəxs yaşadığı evdə saxlanılaraq, bölməyə gətirilib və sorğu-sual zamanı dostunu öldürdüyünü etiraf edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Milli.Az lent.az-a istinadən məlum qətl hadisəsinin istintaq materiallarını təqdim edir:
İstintaqla müəyyən edlib ki, Z. Zeynalov iyunun 17-i saat 16.30-da idarə etdiyi “Khazar” markalı 99 PC 486 dövlət qeydiyyat nişanlı avtomobildə tanışları R. Oruclu, S. Mehtiyev və M. Rzayevlə birlikdə hərəkətdə olduğu zaman, R. Oruclu narkotik vasitə almaq üçün pul lazım olduğunu bildirib. Z. R. ilə üzərində cəmi 7 manat olduğunu söylədikdə aralarında mübahisə yaranıb. Onu söydüyü üçün Ramili öldürmək qərarına gəlib. Maşını Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 32/31 saylı binanın qarşısında saxlayaraq, salonun saxlanc yerindən götürdüyü bıçaqla Ramil Orucluya 2 dəfə zərbə endirib. Səttar Mehdiyev və Mikayıl Rzayev avtomobildən düşəndən sonra, o, maşını Binəqədi rayonu, 6-cı mikrorayon, Rəşid Behbudov küçəsində, “Pitomnik” adlanan əraziyə sürüb və R. Oruclunun meyitini otluq sahəyə ataraq, hadisə yerindən uzaqlaşıb.
İş üzrə dindirilmiş Z.Zeynalovun sözlərinə görə, 15 ildir ki, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırıb. R. Oruclunu təxminən 20 ildir ki tanıyır:
“Onunla “Xutor” qəsəbəsində kirayədə yaşadığım zaman tanış olmuşam. Dostluq edirdik. 2021-ci il iyunun 17-də günorta müştərim S. Mehdiyev zəng edərək “Xocahəsən” qəsəbəsinə getmək istədiyini bildirdi. Onunla “Moskva” univermağının yanında görüşdük. Bu zaman parkda olan R. Oruclu və M. Rzayev yanımıza gəldilər. Ramil avtomobilin qapısına söykənərək S. ilə narkotik vasitə necə əldə edə biləcəkləri barədə məsləhətləşdi. Daha sonra R. Mikayıla avtomobilimə oturmasını dedi. Maşında S. yanımda, arxa oturacaqda M. ilə R. əyləşdi. Hərəkətdə olarkən dostum özünə narkotik vasitə almaq üçün bizdən pul istədi. Üzərimdə olan 7 manatdan 4 manatı verə biləcəyimi deyəndə, R. həmişə “narkotik”çün pul yığılanda mənim belə etdiyimi bildirdi. Söyməməyini deyəndə, R. yol boyu dayanmadan ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətdi”.
Hadisə baş verən yerə yəni, Nəsimi rayon Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının yanına gələnə kimi, avtomobili 3 dəfə yolun kənarında saxlayıb dostundan maşından düşməsini tələb edib. Lakin R. söyüş söyməkdən əlavə, arxadan başına bir dəfə yumruqla zərbə vurub:
“Əsəbləşib, maşının saxlanc yerindən bıçağı götürdüm. Oturduğum oturacaqdan qismən arxaya çönüb bıçağı dostuma doğru yönəltdim və söyüş söyməyi dayandırmasa, onu vuracağımı bildirdim. Lakin R. bıçağı vurmayanın ünvanına ağır təhqiramiz ifadə işlətdi. Bu zaman necə olduğunu billmədən gördüm ki, artıq dostunun boğazından qan axır. S. Mikayıl mənə dərhal R. xəstəxanaya aparmasını bildirdilər. Dostumun boğazına əski parçasını sıxaraq, təzyiqlə axan qanın qarşısını almağa çalışdım. DTX-nın inzibati binasının önündə S. və M. avtomobildən düşdülər. Maşını 6-cı mikrorayona sürdüm. Yolda R. huşunu itirdi. “Pitomnik” adlanan əraziyə çatanda artıq onun öldüyünü gördüm. Özümdən asılı olmayaraq R. meyitini avtomobildən çıxarıb otluq sahəyə atdım və ordan uzaqlaşdım”.
Z. Zeynalov əlavə edib ki, bir neçə ildir ki, narkotik maddələr istifadə edir. Hadisəni törədərkən narkotik vasitənin təsiri altında olub. Törətdiyi əməldən çox peşmandır, zərərçəkmişi nəinki öldürmək, ona heç xəsarət yetirmək niyyəti olmayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi R. Orucov ifadəsində göstərib ki, iyunun 17-də oğlu R. mobil telefonuna zəng daxil olanda o, kiminləsə danışaraq, gəlməyəcəyini dedi:
“Zəng edən şəxsin kim olduğu soruşanda R. mənə cavab vermədi. Bir müddətdən sonra oğlum işi olduğunu söyləyərək, evdən çıxdı və gecə evə gəlmədi. Bununla əlaqədar, ərizə ilə 19-cu Polis Şöbəsinə müraciət etdim. İyunun 20-də polis əməkdaşları mənə məlumat verdilər ki, 6-cı mikrayon ərazisində R. meyitini aşkar ediblər. Oğlum əvvəllər narkotik vasitələrdən istifadə edirdi”.
Şahid S. Mehtiyev bildirib ki, Z. Zeynalovla hadisədən 6-7 ay əvvəl tanış olub:
“İyunun 17-də “Moskva” univermağının yanında olanda Z. zəng edib üzərimdə 8 manat olduğunu və narkotik vasitə axtardığımı dedim. Təxminən 10 dəqiqədən sonra tanışım avtomobili ilə yanıma gəldi. Arxa oturacaqda R. və tanımadığım daha bir şəxs əyləşdi. R. “Xutor” qəsəbəsindən narkotik vasitə alması üçün pul lazım olduğunu bildirdi. Mən üzərimdə 8, Zeynal isə 7 manat olmasını söylədik. R. Z. “keçən dəfə də pul verməmişdin” deyəndə, Z. həqiqətən 7 manat pulu olduğunu bildirdi və övladının canına and içdi. R. Z-nın ailəsini və uşağını söydükdə, aralarında mübahisə başladı.
Əsəbləşən Z. DTX-nin inzibati binasının qarşısında maşını saxladı. Gümüşü rəngli bıçağı sağ əlində saxlayan sürücü geriyə çönərək, R-ya “onu vuracağını” dedi. Bir anda R-nın boğazından qan gəldiyini gördük. Avtomobilin qapısını açaraq düşdüm. Ardımca arxada əyləşmiş tanımadığım oğlan da çıxdı. Z. hadisə yerindən uzaqlaşdı. Ayın 19-da R. M. adlı qohumu ilə görüşdüm. Ona hadisə barədə məlumat verdim. Səhərisi gün eşitdim ki, Z. R-nı öldürüb, meyitini 6-cı mikrorayonda atıb”.
Şahid T. Cavadzadə ifadəsində, 2017-ci ildə Z. Zeynalovla ailə həyatı qurduğunu göstərib:
“Ərim narkotik vasitələrdən istifadə edirdi. Taksi fəaliyyəti ilə məşğul olan Z. iyunun 17-də səhər işə getdi. Evə gələndə paltarlarının qana bulaşdığını gördüm. Nə baş verdiyini soruşduqda, yoldaşım dalaşdığını bildirdi. Köynəyini və şalvarını zibil qabına atdı. Növbəti 2 gün evdə oldu. Ayın 20-i saat 21 radələrində polis əməkdaşları evimizə gələrək, onu bölməyə apardılar. Onda Z. 3 gün əvvəl tanışı R. Oruclunu qətlə yetirdiyini bildim”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z. Zeynalov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.