Prezident: “Azərbaycanın Qarabağ Zəfəri regionda yeni layihələr üçün əlverişli imkan yaradıb”

0
29
prezident-ilham-eliyev

“2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi, Qarabağ münaqişəsi həll edildi və bu qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı”.

Bineqedi.com xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, hazırda dünyada yeni çağırışlar və təhdidlər var: “Bu səbəbdən digər sahələrlə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır. Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək”.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir”.

Dövlət başçısı bildirib ki, bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulub:

“Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Türkiyə və Türkmənistandan olan şirkətləri bu zonanın imkanlarından faydalanmağa dəvət edirik”.

“Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir”.

Prezident İlham Əliyevin sözlərinə görə, 2013-cü ildə istismara verilmiş Bakı Gəmiqayırma Zavodu hazırda tam gücü ilə işləyir.

“Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər. Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur”, – dövlət başçısı qeyd edib.

Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq.

Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40%-i, avtomobil yolu üzrə 70%-i icra olunub.

“Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”, – Prezident İlham Əliyev vurğulayıb.

Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

“2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45% artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistanla ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu rekord göstəricidir. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan üzərindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80%-dən çox artmışdır”, – Prezident İlham Əliyev vurğulayıb.

Əvvəlki məqaləBinəqədidə həyətdən 4500 manatlıq oğurluq olub
Növbəti məqalədəPaşinyan Qarabağla bağlı 2 ildir uydurduğu YALANINI ÖZÜ İFŞA ETDİ – Xankəndində və Xocalıdakı …