Əlverişsiz hava şəraiti səbəbindən azaraq Ermənistana keçəndən sonra əsir götürülmüş Azərbaycan ordusunun əsgəri Axundov Hüseyn Əhliman oğluna qarşı törədilmiş fiziki işgəncə və qeyri-insani rəftar hallarını əks etdirən videoya səssiz qalmaq mümkün deyil.
Ermənistan yenə vəhşi və barbar mahiyyətini bütün dünyaya nümayiş etdirdi: ermənilər onlara qarşı heç bir təhlükə törətməyən, iradəsindən asılı olmadan, səhvən sərhədi keçdiyinə görə əsir düşən Azərbaycan əsgərinin əl-qolunu bağlayaraq təhqir etdilər və zorakılığa məruz qoydular.
Bu cür vəhşiliyin və insanlıq əleyhinə olan rəftarın tək səbəbi Azərbaycana və azərbaycanlılara qarşı Ermənistan hakimiyyətinin və ideoloqlarının uzun müddət formalaşdırdıqları nifrət hissi və fobiyadır.
Azərbaycanlılara qarşı etnik zəmində törədilən nifrət və işgəncə cinayətlərində Avropa Parlamenti kimi bir sıra beynəlxlaq təşkilatların və Fransa kimi ikiüzlü və riyakar ölkələrin də “payı” az deyildir. Çünki onların son 3 ildəki fəaliyyəti, qəbul etdikləri bədnam qətnamələr yalnız və yalnız Ermənistandakı revanşist qüvvələri ümidləndirməyə, etnik zəmində düşmənçiliyi və ayrı-seçkliyi alovlandlrmağa və Azərbaycana qarşı nifrəti körükləməyə yönəlibdir.
İndi, görək bütün günü qanunun aliliyindən, insan hüquq və azadlığından dəm vuran, erməniləri az qala ilahiləşdirərək dünyanın ən mədəni və eyni zamanda məzlum xalqı kimi təqdim etməyə çalışan Avropa Parlamenti, AŞPA, ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosu və digərləri azərbaycanlı hərbi əsirə qarşı törədilmiş bu cinayətə və vəhşiliyə etiraz edəcəklərmi? Ermənistanı qınayacaqlarmı? Hərbi əsirin dərhal qaytarılmasını, ona qarşı bu cinayəti törədənlərin, hansı ki, videoda onları görmək mümkündür, dərhal tapılıb cinayət məsuliyyətinə cəlb olunmasını tələb edəcəklərmi?
Yəqin ki, bunların heç birinin şahidi olmayacağıq.
Olsun, ancaq biz, bu cür hərəkətləri ilə beynəlxalq konvensiyaları və beynəlxlaq hümanitar qanunları növbəti dəfə ayaqlar altına atan Ermənistanın əsl mahiyyətini, onun sülh və barış çağırışlarının saxta olduğunu ifşa etməkdə davam edəcəyik.
P.S.
Azərbaycan əsgərinin xofu və qorxusu ermənilərin canına o qədər hopub ki, hətta, silahsız və köməksiz olduğu halda belə, əl-qolunu bağlamadan əsgərimizə hücum etməyə cəsarət etmirlər.
Azay Quliyev,
8 saylı Binəqədi birinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı