Prezident İlham Əliyev ölkə qarşısında dayanan prioritet məsələləri açıqlayıb

0
134
prezident-ilham-eliyev-ordu.png

Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib.

“Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz”, – deyən dövlətimizin başçısı bir daha bildirib ki, biz haqq-ədaləti tələb edirik.

Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq. Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanın əmrlərini tam icra etdiyini və icra edəcəyini bildirən dövlətimizin başçısı bildirib: “Ona görə bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda, biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq”.

İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq.

Bu gün regionda proseslərin yenə də bizim təkliflərimiz əsasında cərəyan etdiyini diqqətə çatdıran Ali Baş Komandan müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarlarının köhnə tezisləri qəbul etdirməyə çalışdıqlarını bildirərək deyib: “Biz isə bunu qətiyyətlə rədd etdik. Bu gün hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Görürük ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ Azərbaycandır!” Yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir”.

“Biz İkinci Qarabağ müharibəsinə hazırlaşırdıq və bunu gizlətmirdik”.

İşğal dövründə “danışıqlar nəticə verməsə, biz güc tətbiq edərək öz tarixi torpaqlarımızı azad edəcəyik” söylədiyini bildirən dövlət başçısı vurğulayıb: “Əfsuslar olsun ki, bəziləri mənim sözlərimə laqeyd yanaşdı. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Biz onların məkrli planlarını alt-üst etdik. Müharibəyə hazırlaşdıq, düşmənə elə sarsıdıcı zərbə vurduq ki, bu günə qədər özünə gələ bilmir”.

Bu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Bu gün biz bölgədə söz sahibiyik.

Bəzilərinin, o cümlədən Ermənistanın və onun bəzi xarici himayədarlarının Azərbaycanı qisasçılıqda ittiham etdiklərini diqqətə çatdıran dövlət başçısı bunun tamamilə yalan tezis olduğunu deyib. “Mən demişəm və müharibə dövründə demişəm ki, biz düşməndən qisasımızı döyüş meydanında alacağıq, şəhidlərimizin qanını döyüş meydanında alacağıq və belə də oldu. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

İki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir.

“Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi”, – deyə dövlətimizin başçısı qeyd edib.

Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın.

Bu yaxınlarda dövlət büdcəsinə əlavələr edildiyini vurğulayan dövlət başçısı deyib: “Bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Buna baxmayaraq, biz əlavə vəsaiti əldə edən kimi büdcənin artırılmasına yeni böyük məbləğdə vəsait ayırdıq. Burada iki əsas istiqamət müəyyən edilmişdir – bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa olunmasıdır”.

“Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq”.

“Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik”, – deyə dövlətimizin başçısı bildirib.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədi Rayon icra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTOLAR
Növbəti məqalədəPrezident Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinini təltif etdi