Səhiyyə Nazirliyi bizə açıqlama verməlidir ki, son vaxtlar ölkədə dərman vasitələrinin qiymətlərinin yuxarı olmasının səbəbi nədir?
Bineqedi.com xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasında Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayeva bildirib.
“Digər ölkələrlə, xüsusilə qardaş Türkiyə ilə müqayisədə qiymətlər niyə bahadır? Bununla bağlı nazirlik hər hansı araşdırma aparıbmı? Bu qədər insan xaricdən dərman vasitələri gətirirdi. Bunları araşdırmaq lazımdır”, – deputat deyib.
“Tarif Şurası dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini təyin etsə, daha yaxşı olar”.
“Modern”in məlumatına görə bunu isə Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib:
“Dərmanların qiymətinin baha olmasının səbəbləri istiqamətində aparılan araşdırmalara görə, ölkədə bəzi dərman vasitələrinin qiymətləri həqiqətən dəfələrlə yüksəkdir, qıtlıq var, beynəlxalq şirkətlər ölkəni tərk edir. Səbəblər arasında isə qeydiyyat prosesinin kifayət qədər çətin olması, ekspertizanın tam şəfaf olmaması, Tarif Şurasının qiyməti birbaşa təyin etməsi və digər məsələlər yer alıb. Hiss olunur ki, adıçəkilən qanuna təklif edilən dəyişikliklər hazırlanarkən bu məsələlər dərindən təhlil olunub”.
“Təklif edirəm ki, qanunda Tarif Şurasının artıq dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini müəyyən etsin. İqtisadiyyatda belə yanaşma var ki, əgər siz hər hansı məhsulun qıtlığına nail olmaq istəyirsinizsə, onun qiymətini təyin edin”, – deyə komitə sədri bildirib.
Ölkədə dərman idxalına mane olan səbəblər var.
Bunu Milli Məclisin növbədənkənar sessiyasında deputat Etibar Əliyev bildirib.
“Gömrükdə dərmanlar aylarla saxlanılır. Onların hansı vəziyyətdə saxlanılması sual altındadır. Firma dərmanlarının satılması artıb. Bu yaxınlarda yaxın qohumuma klinikaların birində diz qapağının qığırdağının bərpası üçün iynə vurdular. Firma təmsilçisi gəldi, iynənin qiymətinin 350 manat olduğunu bildirdi. Həmin dərman əldə satılır, apteklərdə yoxdur. Əvvəl əldə ayaqqabı satardılar, indi dərman satırlar”, – o qeyd edib.
Səhiyyə Nazirliyi hiss edirmi ki, dərman vasitələrinin qiyməti bahadır?
Bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Tahir Kərimli deyib.
O çıxışı zamanı dərmanların qiymətindən şikayətlənib.
“Son zamanlar dərman vasitələrinin qiymətləri çox bahalaşıb. Səhiyyə Nazirliyi bunun üçün nələr edir? İndi biz qanun layihəsini qəbul edirik, amma qiymətlərə təsir edəcəkmi? Nazirliyin bununla bağlı çıxış yolu varmı?”, – deyə deputat vurğulayıb.