Nazir: “Yaşa görə orta aylıq pensiyanın məbləği 500 manatı keçəcək”

0
2069

“Yaşa görə orta aylıq pensiyanın məbləği Azərbaycanda ilk dəfə olaraq gələn il 500 manatı keçəcək”.

Bineqedi.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı əmək və sosial müdafiə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, yaşa görə orta aylıq pensiya 516 manat olacaq:

“Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondunun xidmətləri elektronlaşdırılması sahəsində böyük iş görülüb. Artıq iki aydır ki, hərbi sahədə pensiyalar 80% elektron təyin edilir. Qalan 20% tam məxfi kateqoriyadan olan insanlardır”.

“Öz arzusu ilə işdən çıxana sığorta ödənişi vermək olmaz”.

Nazir bildirib ki, məşğulluq üzrə proqram ardıcıl və davamlı olmalıdır: “Bəli, bu gün işsizlikdən sığorta ödənişləri azdır. Bu gün reallıq odur ki, işsizlik üzrə sığorta öz arzusu ilə işdən çıxmayan hamını əhatə edir. Öz arzusu ilə işdən çıxana sığorta ödənişi vermək olmaz”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsinə dair qanunvericilik paketi artıq hazırlanıb.

“Aydındır ki, DSMF-nin ehtiyatları daha böyükdür. Işsizlikdən Sığorta Fodunun ehtiyatları isə daha kiçikdir. Ona görə də aralarında böyük bir məbləğ fərqi var. Paket olaraq hər ikisi hazırdır. DSMF artıq investisiya fəaliyyətinə başlayıb. Artıq kapital bazarlarına təqribən 800 milyon manat həcmində investisiya edilib. Bu əsasən çox konservativ bir yanaşma ilə aparılır. Belə fondların təcrübəsindən də irəli gələrək ilk olaraq investisiya fəaliyyəti konservativ investisiya aləti ilə getməlidir”, – nazir bildirib.

Onun sözlərinə görə, DSMF-in sərbəst vəsaitləri əsasən dövlət qiymətli kağızlarına, 5 %-i isə banklara yönəldilib: “Mənfəətlilik dərəcəsi isə 8,1 – 8,3 % ətrafındadır”.

S. Babayev bildirib ki, dövlət qiymətli kağızlarının satışı açıq hərraclar vasitəsilə keçirilir:

“DSMF də bu hərraclarda iştirak edir. Qaydaların iyun ayında təsdiqindən sonra avqustdan etibarən investisiyaya başlanıldı. Qaydalara əsasən, investisiya ancaq dövlət qiymətli kağızlarına, dövlət zəmanətli qiymətli kağızlara, 5 % həcmində bəlli kriteriyalara uyğun gələn, müvafiq rezervləri olan banklara, repo və əks-repo əməliyyatlarına yatırıla bilər. Bunlardan başqa yerlərə investisiya edilməsi səlahiyyəti bu gün nə DSMF-də var, nə də İşsizlikdən Sığorta Fondunda. Bu gün Azərbaycanın dövlət qiymətli kağızlarının gəlirlilik dərəcəsi kifayət qədər yüksəkdir və az risklidir. O vəsaitlərin hazırda başqa istiqamətlərə yönəldilməsi planlarımızda yoxdur.

İnvestisiyalardan əldə ediləcək gəlirin də hara yerləşdirilməsi istiqamətləri qaydalarda açıq şəkildə qeyd edilib. Burda bir neçə istiqamət var. Bunlardan birincisi sosial islahatların maliyyələşdirilməsidir”.

Əvvəlki məqaləBinəqədidə sudan qanunsuz istifadə halları aşkarlandı – VİDEO
Növbəti məqalədəBinəqədidə döyülən 11 yaşlı yeniyetmənin qabırğaları sınıb