İmtahanlar üzrə ödənişlə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb.
Bineqedi.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır.
“Bir həftə ərzində qəbul imtahanlarının hansı regionlar üzrə olması dəqiqləşəcək və sonra açıqlanacaq”, – sədr qeyd edib.
DİM sədri əlavə edib ki, builki qəbul imtahanlarının vaxtı aidiyyəti qurumlarla müzakirə edilib. Yaxın vaxtlarda cədvəllər ictimaiyyətə təqdim olunacaq.
İmtahanda abituriyentlərə təqdim edilən suallar heç vaxt tədris proqramından kənar olmur.
Onun sözlərinə görə, hər imtahandan sonra da sualların cavabları şərh olunur: “Hətta qeyd edirik ki, hansı dərslikdə, hansı səhifədə sualın cavabı var. Bunu ildən-ilə də təkrar edirik. Təəssüf ki, bunu ictimaiyyətə düzgün təqdim etməyən şəxslər valideynlər arasında yanlış fikirlər formalaşdırırlar. Başa düşürəm ki, valideynlərə yeni proqramla övladına kömək etmək çətindir. Amma zaman dəyişir, tədris prosesi gələcək üçün kadr hazırlayır. Təbii ki, 5-10 il əvvəlki proqram və dərsliklər dəyişir. Valideynlər birinci sinifdən həmin dərslikləri övladları ilə birgə oxusaydılar, imtahana düşən sualların dərslikdən kənar olmadığını görəcəklər”.
Yeni elektron imtahan korpusunda test rejimdə avadanlıqlar yoxlanılır. Fevral ayında korpusun açılması planlaşdırılır.
DİM sədrinin sözlərinə görə, dövlət qulluğu imtahanlarının elektron şəkildə keçirilməsi nəzərdə tutulur.
“Burada 850 iş yeri elektron imtahan vermək üçün hazırlanır. Hazırda test rejimində korpusda olan avadanlıqlar yoxlanılır. Gərək tam əmin olaq ki, hər şey normal səviyyədə işləyir, sonra həmin imtahanlara başlaya bilək. Çünki bu imtahanların sonradan hüquqi nəticəsi olacaq. İlk növbədə, dövlət qulluğu üzrə iştirakçı sayı 1000-2000 nəfər təşkil edən imtahanlar, sonrakı mərhələdə isə iştirakçı sayı 10 min nəfərə qədər olan imtahanlar xüsusi cədvəl əsasında keçiriləcək. Mərhələli şəkildə magistratura, doktorantura imtahanları bu formatda baş tutacaq. Hətta regionlarda da belə zalların quraşdırılması nəzərdə tutulur”, – M.Abbaszadə qeyd edib.