Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub, Xankəndi şəhərində olub – Foto

0
2934

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış olub.

Bineqedi.com xəbər verir ki, sonra dövlət başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri Xankəndi şəhərində olublar.

“Həm 2020-ci ildə, həm də keçən ilin sentyabrında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır”.

Bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Bunun bir daha xalqımızın böyüklüyünü göstərdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Halbuki, hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik”.

“Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər”.

“Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

“Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik”.

“Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”, – deyə dövlətimizin başçısı əlavə edib.

“Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”.

Buna 30 il vaxt lazım olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib:

“Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradır”.

“Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı”.

Səylərimizin nəticəsi olaraq 18 ölkənin bu qanlı faciəni soyqırımı kimi tanıdığını xatırladan dövlətimizin başçısı qeyd edib:

“Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalıb”.

“Biz bu həqiqəti (Xocalı soyqırımı ilə bağlı – red.) dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik”.

“Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır”, – deyən dövlətimizin başçısı Ermənistan dövlətinin, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələrin bu hadisənin ört-basdır edilməsi üçün əllərindən gələni etdiklərini diqqətə çatdırıb.

“Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq”.

Bu il həm Xocalıda, həm də Xankəndidə həyatın bərpa olunacağını qeyd edən dövlətimizin başçısı deyib:

“Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ağdam şəhəri bərpa olunur və gələn il Ağdama da ilk köç başlanacaq. Yəni quruculuq işləri geniş vüsət alır”.



















Əvvəlki məqaləBinəqədi məktəbliləri Memorial Soyqırımı Muzeyini ziyarət ediblər – FOTO
Növbəti məqalədəXocalı soyqırımı abidəsi ziyarət olunub – Foto