“Cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır”

0
119
prezident-ilham-eliyev-mehriban-eliyeva
“Cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır”.
Bunu Prezident İlham Əliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, bu gözəl yaşayış yerini özəl sektor inşa edib:
“Bu da bir yenilikdir. Çünki bu günə qədər 100-dən çox şəhərciyi Dövlət Neft Fondunun xətti ilə tikmişik. Mən çağırış etmişdim ki, Azərbaycanda böyük şirkətlər sosial məsuliyyət daşımalıdırlar. Demişdim ki, imkanlı sahibkarlar ağır vəziyyətdə yaşayanlara əl uzatmalıdırlar və şadam ki, mənim çağırışıma özəl qurumlar müsbət reaksiya verib. “Qobu-1”, “Qobu-2” və bu gün tikilməkdə olan “Qobu-3” yaşayış kompleksləri 100 faiz özəl sektorun hesabına salınıbdır. Mən bu fürsətdən istifadə edərək, bütün Azərbaycan şirkətlərinə, – kimin böyük imkanı var, kimin o qədər də böyük imkanı yoxdur, – deyirəm ki, həmrəylik göstərməlidirlər, sosial məsuliyyət daşımalıdırlar. Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır. Yoxsulluqla bağlı mübarizə indi görün, nə qədər gözəl nəticə verir. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bunu qeyd edir. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, o da olmamalıdır. Amma biz bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə yoxsulluğun səviyyəsi 10-15 faizdir. Yəni, bu, sadəcə olaraq, necə deyərlər, müqayisə üçün səslənən rəqəmdir. Ona görə özəl sektor daha da məsuliyyətli olmalıdır. Dövlət bu qədər kömək göstərir, kreditlər verir, şərait yaradır, infrastruktur layihələrini icra edir. Ona görə özəl sektor gərək bu işlərə qoşulsun və Dövlətqaçqınkoma müraciət etsin, desin ki, mən istəyirəm köçkünə bir, beş, yüz mənzil verim. Bu, olmalıdır. Əminəm ki, bu sözlərimdən sonra Dövlətqaçqınkoma ediləcək müraciətlərin sayı çox olacaq. Sizi bir daha təbrik edirəm”.
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin”.
Dövlətimizin başçısı deyib: “Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdi. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur.
Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər – münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”.
Əvvəlki məqaləAzərbaycanın yeni Baş Naziri – Əli Əsədov oldu
Növbəti məqalədəBinəqədidə qəzada sıxılıb qalan şəxs ölüb – Rəsmi