Prezident: “Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq”

0
3008

“Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb.

Bineqedi.com saytı azərtac-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

“Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir”.

Dövlətimizin başçısı bildirib:

“Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır”.

İlham Əliyev: "XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır"

“Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür”.

Dövlətimizin başçısı qeyd edib:

“Türkiyə prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm”.

“Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir”.

Dövlətimizin başçısı bildirib ki, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir.

“Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir”.

Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyətinin Azərbaycanın əlavə sərmayəsi nəticəsində bir milyondan beş milyon tona çatdırıldığını vurğulayan dövlətimizin başçısı bildirib:

“Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda altı gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək”.

Prezident: "Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq"

Əvvəlki məqaləBinəqədidə şəhidin məzarı ziyarət olunub
Növbəti məqalədəElxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO