Bakının mozaik keçmişi: tarix fonunda parlaq aksentlər

0
2927

SSRİ dövründə mozaika şəhərlərin memarlıq görünüşünün formalaşmasında mühüm rol oynayıb. O, sovet memarlığının tərkib hissəsi olmaqla, ictimai binaların, mədəniyyət müəssisələrinin və hətta yaşayış binalarının fasadlarını bəzəyirdi. Parlaq və rəngarəng mozaikalar yoldan keçənlərin diqqətini çəkib, onların əhvali-ruhiyyəsinə müsbət təsir edib. Onlardan sovet xalqının nailiyyətlərini və mühüm tarixi hadisələri əks etdirən monumental pannolar yaratmaq üçün istifadə olunurdu. Mədəniyyət saraylarının, kinoteatrların, məktəb və uşaq bağçalarının, fabriklərin və digər binaların fasadlarında mozaika kompozisiyalarını görmək olardı. Mozaika həm də metro stansiyalarının dizaynında mühüm rol oynayıb, özünəməxsus ab-hava yaradıb və yeraltı memarlığın möhtəşəmliyini vurğulayıb. Çoxlu sayda mozaika pannoları, həmçinin idman komplekslərini, stadionları və sağlamlıq mərkəzlərini bəzəyərək, vətəndaşları sağlam həyat tərzinə ruhlandırırdı. Sovet mozaikası dövlətin ideallarını və istəklərini əks etdirən dövrün simvoluna çevrilmişdi. O, təkcə bəzək elementi deyil, həm də təbliğat, ictimai şüur və vətənpərvərlik hisslərinin formalaşdırılması vasitəsi idi.

Ən parlaq və az tanınan mozaikalardan biri də Binəqədi rayonunda yerləşir. Bu əsər 1980-ci illərdə Azərbaycanın xalq rəssamı Oqtay Şıxəliyev tərəfindən yaradılıb. Mozaikanı digər istedadlı rəssam Əmirxan Məmmədvəliyev yığıb.

Panno şəklində təqdim edilən bu əzəmətli mozaika köhnə Bakının memarlıq abidələrini təsvir edir. Onların arasında şəhərin zəngin tarixi irsini əks etdirən Qala divarı, Şirvanşahlar sarayı, Qız qalası, məscid və minarələr xüsusilə seçilir. Bu tarixi binalar keçmişin və günümüzün harmonik birləşməsini simvolizə edən müasir binaların təsvirləri ilə üst-üstə düşür. Mozaika üzərində xüsusi ləzzət verən və şəhərin qədim adət-ənənələrini xatırladan faytonu da görə bilərsiniz.

Bu mozaika heç də bütöv bir şəkil deyil. O, plastik elementlərlə hazırlanıb ki, bu da onu naxışlı edir və hər bir detalı canlandırır. Relyef elementləri sayəsində təsvirlər həcm və dərinlik kəsb edərək, hərəkət və dinamika təəssüratı yaradır. Mozaikanın parlaq və rəngarəng fraqmentləri diqqətə çarpır, sizi ona uzun müddət baxmağa və yeni detallar tapmağa sövq edir.

Mozaika insanları köhnə Bakının ab-havasına qərq etməklə səmimi nostalgiya hissləri və heyranlıq doğurur. Hər bir element diqqətlə işlənib, memarlıq abidələrinin əzəmətini və gözəlliyini çatdırır. Rənglər və fakturalar təsvir olunan obyektlərin tarixi və mədəni əhəmiyyətini vurğulayır. Beləliklə, bu mozaika sadəcə dekorativ bəzək deyil, zəngin keçmişin canlı xatirəsidir və köhnə Bakının gözəlliyini və bənzərsizliyini xatırladır.

Bədii və tarixi əhəmiyyətinə görə sovet mozaikaları mühüm mədəni irs olaraq qalır, həmçinin sənət və memarlığın unikal sintezini təmsil edir. Bu gün SSRİ mozaikaları keçmişin xatirəsini qoruyan və yeni nəsilləri ruhlandıran tədqiqat və bərpa obyektidir. Bu sənət əsərləri təkcə şəhərləri bəzəmir, həm də yarandığı dövrün tarixini və mədəniyyətini qoruyub saxlayır. Hər bir mozaika bütöv bir ölkənin sosial ideallarının, əmək nailiyyətlərinin və yaradıcılıq axtarışlarının əksidir. Bu nadir abidələrin qorunub saxlanılması gələcək nəsillərin incəsənətlə bağlı ictimai şüurunu formalaşdırmaq və tarixə təsir göstərə biləcəyinə ruhlandırmaq, habelə keçmişi öyrətmək baxımından vacibdir.azərtac.az

Əvvəlki məqaləBinəqədidə binada yanğın olub
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirildi – FOTO