Mustafayev Nicat Bəkir oğlu 2001-ci ilin oktyabr ayının 8-də Bakı şəhərində dünyaya göz açmışdı. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Hamamlı rayonu Qursalı kəndindəndir. O, ailəsiylə birlikdə Binəqədi qəsəbəsi yaşayırdı. 6 yaşında Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbin 1 –ci sinifinə yollanmış və 9-cu sinifdən təhsilini Azərbaycan Dövlət Dəmir Yolu Liseyində davam etdirmişdi.
Bineqedi.info-ya verilən məlumata görə, Mustafayev Nicat uşaqlıqdan idmanla maraqlanırdı. 7 yaşından fərqli idman növləri ilə, xüsusən güləş ilə məşğul olmuşdu. Çoxlu medal və diplomları var idi. Azərbaycan bayrağını bir çox ölkələrdə dalğalandırmışdı. Ad günündən 2 gün sonra, oktyabrın 10-u həqiqi hərbi xidmətə yollanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birində həqiqi hərbi xidmətə yollanmış və əsgərlikdə Nicat idmançı olduğuna görə, kəşfiyyatçı kimi Xüsusi Təyinatlı dəstələrə seçilmişdi. Bir il olardı əsgərliyə getmişdi. Nicat da digər igid qəhrəmanlarımız kimi döyüşə həvəslə, inamla, qəhrəmanlıq hissiylə qoşulmuş və igidcəsinə döyüşmüşdü.
Müharibənin başlamasından 2 gün qabaq sentyabrın 25-i günü anasına zəng edib “Ana, yenə təlimə gedirik. Bu axırıncı təlimimizdi. Burdan sağ-salamat qayıtdıq-qayıtdıq, bir də heç vaxt təlimə getməyəcəyik. Qayıtmasam, haqqınızı halal eləyin. Qayıtsam, gələndə hər şey yaxşı olacaq. Qoymayacağam atamla sən əziyyət çəkəsən, işləyəsən”.
Son dəfə ailəsiylə oktyabrın 3-ü telefonla danışıb. O tarixdən sonra Nicatla əlaqə qura bilməyiblər. Nicat ilk dəfə Murov istiqamətində döyüşüb. Ordan Füzuli, Cəbrayıl istiqamətinə yollanmış və Füzuli istiqamətində döyüşlərdə qarın hissəsindən snayper gülləsiylə vurulmuşdur. Azərbaycanın qəhrəman övladı, Azərbaycan bayrağını idman yarışlarında göylərə ucaldan Nicat indi də özü göylərə ucalmışdır. Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid əsgər Nicat Bəkir oğlu Mustafayev “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif edilmişdir.
Anası Lalə Mustafayeva – “Nicat çox ağıllı, yaxşı uşaq olub. Çox mərd oğul idi. Böyük kiçik yeri bilən idi. Mən həmişə deyirəm ki, şükür Allaha ki, belə mərifətli, qanacaqlı, mərd oğlum var. Gözümün qabağından xatirələrimiz keçmir heç. Heç vaxt məni incitməyib. Həmişə sözümə baxırdı. Heç kimə pisliyi keçməyib. Bütün dostları, məşq yoldaşları Nicatı çox istəyirdilər. Elə uşaqlıqdan idmana həvəsi vardı. İdmana qoymuşdum. Həmişə müxtəlif yarışlarda iştirak eləyib, hər dəfə 1-2-ci yerlərə layiq görülürdü. Sevinə-sevinə gəlirdi ki: “Ana, yenə 1-ci oldum”. Vətənpərvər idi oğlum. Əslimiz Qərbi Azərbaycandandır. Deyirdi ki, “Gedib torpağlarımızı görmək istəyirəm”. Tez-tez zəng eləyib danışırdıq telefonda. Bizə yerini demirdi. Elə hey deyirdi ki, “Ana, burdayam narahat olma. Təlimdəyik. Azərbaycanın gəzmədiyim yeri qalmıyıb. Bütün kəndlərini gəzmişəm”. Müharibədən 2 gün əvvəl zəng vurdu danışdıq. Mənə bildirmədi ki, müharibəyə gedir. Elə sentyabrın 27-si günü səhər oyanıb, televizorda baxıram ki, müharibə elan olunub. Onda bildim ki, oğlum da müharibəyə gedir. Ancaq dua eləyirdik. Bir dəfə zəng elədi: “Ana, narahat olmayın, yaxşıyam. Murovdan gəlirik. Oranı almışıq indi aşağı düşürük. Özünüzdən muğayat olun mən yaxşıyam”. İstədiyi qız da var idi. Əsgərlikdən gələndən sonra evlənmək istəyirdi. Ölümündən bir gün qabaq gecəsi, oktyabrın 4-ü günü yata bilmirdim. Elə narahatlıq hiss eləyirdim. Nəsə hiss edirdim. Telefonum sönmüşdü, cərəyana qoşdum ki, Nicat zəng eləyər, eşidim. Bir də gördüm ki, qapı döyülür. Həmin gecə şəhidlik xəbəri gəlmişdi. Snayper gülləsi ilə Füzulidə qarın hissəsindən vurulub. Çıxartmaq istəyiblər, çıxarda bilməyiblər. Əsgər yoldaşına deyib ki, “Mən şəhid olsam, əynimdəki paltarımı anama verərsiz”. İşğaldan azad olunmuş torpaqlara gediş icazəsi verilsə, Füzuliyə gedib oğlumun şəhid olduğu yeri öpəcəyəm…”
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!