Azərbaycan Prezidenti: “Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər”

0
3009

“Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”.

Bineqedi.com azərtac-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəyini xatırladan dövlətimizin başçısı keçən ilin dekabrında 200-ə yaxın ölkənin Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədiyini, bunun beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu diqqətə çatdırıb.

“Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur”.

“Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”, – deyə dövlətimizin başçısı əlavə edib.

“Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb”.

Dövlətimizin başçısı vurğulayıb ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilib.

“Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib”.

İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə Görüşü zamanı imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirən Prezident İlham Əliyev qeyd edib:

“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.

Dövlətimizin başçısı bununla bağlı deyib:

“Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”.

Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb.

Əvvəlki məqaləBinəqədidə şəhid Rzaxanov Nihadın məzarı ziyarət olunub – Foto
Növbəti məqalədəBinəqədidə “Dəmir yumruq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib – Foto