Paytaxtın Binəqədi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 2 nəfər polis tərəfindən saxlanılıb.
Bineqedi.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 251 000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı E.Gözəlov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 10 000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 46 yaşlı V.Rzayev müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
***
Müğənni Dəniz Əsədova barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə axtarış elan olunub.
Globalinfo.az-a daxil olan məlumata görə, müğənninin sosial şəbəkə hesablarında təhqir etdiyi bir vətəndaş onun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.
İddialara görə, məhkəmədən yayınan D.Əsədova barəsində axtarışa verilməsi qərarı alınıb.
Bundan əlavə, bildirilir ki, Binəqədi Rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri xarakterli qərarı ilə D.Əsədovaya həmin vətəndaş barəsində məlumat paylaşmaq və yaymaq da qadağan edilib.
Məlumata görə, D.Əsədova daha əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və vətəndaşları təhqir etdiyi üçün digər maddələrlə məsuliyyətə cəlb edilib.