“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Bineqedi.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra nazirlik rəqəmsal inkişaf, elektron hökumət, telekommunikasiya, poçt, kosmik fəaliyyət, yüksək texnologiyalar (rəqəmsal texnologiyalar, informasiya texnologiyaları, mikroelektronika, süni intellekt, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar), fərdi məlumatlar və nəqliyyat (avtomobil, dəmiryol, dəniz və hava nəqliyyatı, eləcə də naviqasiya) sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı hesab olunacaq.
İndiyə qədər qurum nəqliyyat (Prezidentin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), elektron hökumət, kosmik fəaliyyət, yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı sayılırdı.
Bundan başqa, fərmanla rəqəmsal texnologiyaların tətbiqi üzrə prioritetlərin müəyyən edilməsi, rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi, mövcud informasiya infrastrukturunun davamlı texnoloji inkişafına nail olunması, eləcə də dövlət xidmətlərinin və idarəetmə proseslərinin rəqəmsal mühitdə təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək, eləcə də mülki aviasiya hadisələri ilə əlaqədar axtarış və xilasetmə işlərinin təşkilində və əlaqələndirilməsində iştirak etmək nazirliyin fəaliyyət istiqamətlərinə aid edilib.
Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara təklif edilən dəyişikliklə mümkün olub.
Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.
Azərbaycanda yeni seçiləcək bələdiyyənin tərkibinin ilk iclasının keçirilməsi və sədrin seçilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.
Bu, Prezident İlham Əliyevin “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara təklif edilən dəyişikliklə mümkün olub.
Dəyişikliyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra beş iş günü müddətində keçiriləcək.
Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.
Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.