“Azərbaycanda məktəbəqədər təhsilə əlçatanlıq tarix boyu aşağı göstəricilərlə yadda qalıb. Hazırda hər iki yaşda uşaqdan birinin (1-5 yaş arası uşaqlar) məktəbəqədər təhsillə təmini hədəfdir”.
Bineqedi.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.
Nazir qeyd edib ki, sovet dövründə bağçalarla təminat 10% olub:
“Hədəfimiz bunu 50%-ə çatdırmaqdır. Bundan əlavə, 5 yaşda uşaqların məktəbəqədər siniflərə cəlb edilməsi də əsas məqsədlərdən biridir. Əvvəlki illərlə müqayisədə bu göstəriciləri 30%-dən 90%-a çatdırmağa hazırlaşırıq. Hazırda uşaqların 80%-ə yaxını azı bir il məktəbəqədər təhsilə cəlb olunur”.
“Elm və Təhsil Nazirliyinin gördüyü ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəhazırlığa cəlb olunmasıdır”.
E.Əmrullayev bildirib ki, hər 10 uşaqdan 8-9 uşaq ən azından 1 illik məktəbəhazırlıq qruplarında təhsil alır.
O əlavə edib ki, məktəbəqədər təhsil üçün olan nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək.
Nazir qeyd edib ki, qarşıda olan digər çağırış isə məktəbə hazırlıqda 3-4 yaşı əhatə etməkdir:
“Məktəbə hazırlıq üçün indi 5-6 yaşı əhatə ediriksə, məqsəd bunu daha aşağı yaşa, 3-4 yaşa endirməkdir”.
Daha kiçik kəndlərdə məktəbəqədər təhsildə “ailə modeli” yaratmaq üçün pilot layihə üzərində işləyirik.
O deyib ki, ucqar kəndlərdə avtobus vasitəsilə məktəbəqədər təhsil xidmətini göstərmək planlaşdırılır: “İcma əsaslı məktəbəqədər təhsil mümkün olmayan ərazilərdə bu modeli tətbiq edəcəyik. Bu modeldə uşaqların bir ailədə təhsil alması nəzərdə tutulur. Ucqar kəndlərdə bunun üçün avtobuslar ayrıla bilər”.

















