Binəqədi rayonunun Görədil kəndində yerləşən evlərin birindən oğurluq olub.
Bineqedi.com DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş noyabrın 25-dən dekabrın 5-dək olan müddətdə evindən 10 000 manat dəyərində inşaat materiallarının oğurlandığını bildirib.
Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
Ali Məhkəmədə Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Xalid Hüseynovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Hüseynov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd edək ki, 2022-ci il sentyabrın 12-də saat 22 radələrində paytaxtın Binəqədi qəsəbəsi, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Xalid Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Xalid Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.