Bu şəxslər 2 ilədək həbs oluna bilər

0
2859

Tibbi müayinəyə gəlməmək hərbi çağırışdan boyun qaçırma sayılacaq və buna görə 2 ilədək həbs cəzası nəzərdə tutulur.

Bineqedi.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycan Respublikası vətəndaşlarının tibbi müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi) hərbi vəzifə sayılacaq.

Tibbi şəhadətləndirilmə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların, hərbi vəzifəlilərin, bu Qanunda nəzərdə tutulan hallarda hərbi vəzifəli olmayanların və hərbi qulluqçuların hərbi xidmətə, o cümlədən ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə xüsusi təyinatlı təhsil müəssisələrində təhsilə (xidmətə) yararlılığının təyin edilməsi məqsədilə sağlamlıq vəziyyətinin, fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsidir.

Komitədə müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə, “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşüləcək.

Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Yaş həddinin 35 yaşdan 30 yaşa endirilməsi ilə əlaqədar ehtiyata keçirilən şəxslərin hərbi qeydiyyat qaydası dəyişir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbi komissarlıqlarında belə məqsədlər üçün yaradılan tibbi müayinə komissiyalarında tibbi müayinəyə cəlb edilirlər. Bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Layihəyə əsasən, bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 30 yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların hərbi qeydiyyatına qaytarılacaq (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Qeyd edilən vətəndaşların çağırışçıların hərbi qeydiyyatına qaytarılması və müddətli həqiqi hərbi xidmətə çağırılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və digər normativ hüquqi aktlara (hərbi uçotun və qeydiyyatın aparılmasını tənzimləyən) uyğun olaraq tənzimlənəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirildi – FOTO
Növbəti məqalədəƏsgərlik yaşı ilə bağlı layihə son oxunuşdan keçdi