Binəqədidə “Yanvarın 20–ci günü” adlı ədəbi–bədii kompozisiya nümayiş etdirilib – Foto

0
2895
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Yanvarın 20–ci günü” adlı ədəbi–bədii kompozisiya nümayiş etdirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, 20 Yanvar Cəmiyyətinin Binəqədi rayon şöbəsinin üzvləri-şəhid ailələri və əlillər və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin, Qanlı Yanvar faciəsində, vətənin azadlığı, müstəqilliyi, suverenliyi uğrunda canından keçən igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən görkəmli şair və bəstəkarlarımızın əsərlərindən ibarət “Yanvarın 20–ci günü” adlı ədəbi–bədii kompozisiya təqdim edildi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımıza qarşı törətdiyi qanlı terrordan danışaraq, qeyd etdi ki, faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixində ümummilli liderimiz Heydər Əliyev ailə üzvləri ilə birlikdə xalqına böyük bağlılıq hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış etdi. Ulu Öndərin tövsiyəsi ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Sevinc Süleymanova 20 Yanvar faciəsinin Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunduğunu vurğuladı.
Sonra “20 Yanvar Cəmiyyəti”nin üzvü, şəhid ailəsi Elmira Qocamanova şəhid ailələrinə göstərilən dövlət qayğısından söhbət açaraq, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü və minnətdarlığını bildirdi.
Daha sonra çıxış edənlər-Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev və Vətən müharibəsi şəhidi Ramin Hüseynovun atası Qüdrət Hüseynov 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu qeyd edərək bildirdilər ki, Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Sonda 20 Yanvar şəhidlərinin ailə üzvlərinə və əlillərə humanitar yardım göstərildi.
Bineqedi.com
Əvvəlki məqaləVirus Azərbaycana da gəlib çıxdı: Tibbi masakalardan istifadə olunacaq? – Rəşid Mahmudov AÇIQLADI
Növbəti məqalədə20 Yanvar faciəsindən 35 il keçir