Prezidentin köməkçisi: “Həqiqətən, regionda sülh var, sabitlik var”

0
2946
hikmet-haciyev

Cənubi Qafqaz regionunda de-fakto sülh var”.

Bineqedi.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın “Tasnim” agentliyinə müsahibəsində söyləyib.

“Ermənistanla münasibətlərin normallaşdırılması xüsusunda sülh müqaviləsinin əsasını təşkil edən beş prinsiplər və hətta bu sənədin mətni də Bakı tərəfindən, Azərbaycan tərəfindən tərtib olunaraq Ermənistan tərəfinə təqdim edilib. Bu, Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq olduğu, nə qədər dəstəklədiyinin növbəti bariz təcəssümüdür”, – deyə o bildirib.

Eyni zamanda, H.Hacıyev Bakı və İrəvan arasında sülh müqaviləsi mətni üzrə işin yekunlaşdığını xatırladıb:

“Müsbət bir haldır ki, sülh müqaviləsinin mətni yekunlaşıb. Amma bununla bərabər, Ermənistanla ikitərəfli əsaslarda olan açıq məsələlər var. Biz düşünürük ki, Ermənistan konstitusion əsasda Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalıdır ki, biz regionda davamlı, qəti sülhə nail olaq”.

Onun fikrincə, hazırda Cənubi Qafqaz regionunda sülh üçün əlverişli şərtlər formalaşıb:

“Amma məmnunluqla deyə bilərik ki, Azərbaycanla Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana bu gün regionda sülh üçün ideal şərait yaranıb. Həqiqətən, regionda sülh var, sabitlik var. Hətta deyə bilərik ki, de-fakto regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması istiqamətində də Azərbaycan öz üzərinə düşəni edəcəkdir ki, regionda tam şəkildə qəti sülh bərqərar olsun”.

“Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır”.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır. Cənubi Qafqaz regionunda məhz Azərbaycan Respublikasının yürütdüyü siyasət nəticəsində torpaqlar işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Regionda sülh üçün çox yaxşı, münbit şərait yaranıb. Cənubi Qafqaz regionunda yeni status-kvo, yeni reallıq yaranıb ki, bu yeni status-kvo da artıq işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdir”, – deyə o vurğulayıb.

“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni nəfəs verib. Bizim və İrandakı həmkarlarımızın vəzifəsi bu əməkdaşlığı irəli aparmaqdır”.

H.Hacıyev Azərbaycanla İran arasındakı münasibətlərin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib:

“İran İslam Respublikasının hörmətli Prezidenti Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfərindən sonra hörmətli Prezidentimiz cənab İlham Əliyev və onların baş-başa, birlikdə apardığı müzakirələr, nümayəndə heyətləri səviyyəsində aparılmış müzakirələr İran-Azərbaycan əlaqələrinin inkişafına yeni bir təkan, yeni bir nəfəs verib. Bundan çıxış edərək, bizim İrandan olan həmkarlarımızla qarşımızda olan vəzifə ondan ibarətdir ki, bu əlaqələri daha da irəliyə doğru aparaq”.

 

Əvvəlki məqaləBinəqədi rayonunda ümumrayon iməciliyi keçirilib – FOTO
Növbəti məqalədəBinəqədidə 15 nəfərin ölümünə səbəb olan yanğından on il ötür