Paytaxtda azyaşlı təhlükə ilə üzləşib.
Bineqedi.com Baku.ws-ə istinadən xəbər verir ki, hadisə dünən “Mərkəzi Park”da baş verib.
Ailə üzvlərinin dediyinə əsasən, 2 yaşlı uşaq parkda açıq qalan kanalizasiya quyusuna düşüb. Quyunun dərinliyinin 1,5-2 metr olduğu bildirilir. Valideynlərin və ətrafdakı insanların operativ müdaxiləsi nəticəsində uşaq quyudan çıxarılıb. Hadisə nəticəsində xəsarət alan azyaşlı dərhal xəstəxanaya aparılıb və ona tibbi yardım edilib.
İddiaya görə, kanalizasiya lükü tam örtülməyib və qapağın möhkəm bağlanması üçün xüsusi yerlər olsa da, onlardan istifadə edilməyib. Bu isə ciddi təhlükə yaradıb.
***
Azyaşlının yaxınının saytımıza bildirdiyinə görə, uşaq valideynləri ilə birlikdə Rusiyadan Azərbaycana gəlib. Ailəsi ilə parkda istirahət edərkən, qəfildən qapağı aralı olan kanalizasiya quyusuna düşüb: “Uşağı çətinliklə quyudan çıxara bildik. Başı zədələnib, ayaqlarında sıyrıqlar var. Həkimə aparıb müayinə etdirdik, şükür ki, salamatdır.
Hüquq-mühafizə orqanlarına, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. İstəyirik bu hadisəyə cavabdeh tapılsın. Valideynlərə də müraciət etmək istəyirəm ki, ehtiyatlı olsunlar”.


