“Yeni qaydalar hər bir daşıyıcını sürətli şəkildə nağdsız ödəniş sisteminə təşviq edə bilər”.
Bineqedi.com xəbər verir ki, bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gedişhaqqı mexanizmlərinin tətbiqi mümkün olacaq. Yeni model daşıyıcıları sürətlə bu sistemə keçməyə təşviq edə bilər”, – deyə sədr qeyd edib.
“Ödənişli zonalar məsələsi yeni deyil. İnkişaf etmiş ölkələrdə də bu sistem var”.
Onun sözlərinə görə, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiqi məsələsinə baxıla bilər: “Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobusların sistemin əhatə dairəsinə daxil edilməsi nəzərdə tutulub. Gün ərzində ətraf ərazilərdən Bakıya 300 mindən çox avtomobil daxil olur. Bunlardan 100 mindən çoxu Sumqayıt-Xırdalanın payına düşür. 200 min avtomobil isə ətraf ərazilərdən Bakı şəhərinə daxil olur”.
“Böyük sayda fərdi avtomobillərin şəhərə daxil olması sıxlıq, tıxac yaradır və bununla yanaşı şəhərin bir çox yerində ümumi hərəkətin intensivliyinə, ictimai nəqliyyatın hərəkətinə, mikromobillik vasitələrin təhlükəsiz sürüşlərinə maneə yaradır, ekoloji vəziyyəti pisləşdirir, səs kirliliyini artırır. Ödənişli hərəkət zonalarının tətbiqi sözügedən problemləri həll etməyə yönəlmiş beynəlxalq təcrübədir”, – A.Rzayev əlavə edib.
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə Bakı şəhərinin inzibati ərazisinin və Abşeronun avtobus marşrut şəbəkəsinin qiymətləndirilməsi həyata keçirilib”.
Onun sözlərinə görə, müəyyən edilib ki, Bakı və Abşeron ərazisini əhatə edən marşrut şəbəkəsinin inteqrasiyası zəifdir, təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17%-nin avtobus şəbəkəsinə çıxışı məhduddur: “Avtobus marşrut şəbəkəsinin optimallaşdırılması məqsədilə şəbəkə yenidən işlənilib, marşrutlarda avtobusların sayları və hərəkət intervalları qiymətləndirilib. Yeni avtobus şəbəkəsinin tətbiqi ilə avtobusla sərnişindaşıma sistemində avtobuslara olan tələbatın 2800 ədəd olacağı gözlənilir. Avtobus parkının yaxın bir neçə il ərzində yenilənməsi üçün gərəkli investisiyanın sadə biznes model əsasında fəaliyyət göstərən və maliyyə dayanıqlığına malik olmayan operatorlar tərəfindən qarşılanması qeyri-mümkündür. Bu xüsusda Bakı və Abşeron ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlı olaraq yüksək səviyyədə saxlamaq və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə “brutto müqavilə” sistemi tətbiq ediləcək”.
A.Rzayev qeyd edib ki, model çərçivəsində gedişhaqqının ödənilməsindən əldə edilən gəlir tənzimləyici qurumda toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmət üçün ödənişin bir hissəsi bu vəsaitdən, çatışmayan hissəsi isə dövlət tərəfindən ayrılan vəsait hesabına qarşılanacaq.
Onun sözlərinə görə, yeni maliyyələşmə qaydasına əsasən, tənzimləyici qurum marşrut xətti üzrə qət ediləcək məsafənin ümumi həcmini, bu həcmin icra olunması ilə bağlı kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən edir və buna uyğun olaraq daşıyıcıya qanunvericiliklə müəyyən edilmiş xidmət haqqını ödəyir.
AYNA sədri bildirib ki, ödəniş hesablanarkən şirkətin xərcləri və qazancı nəzərə alınır: “Bu yanaşma sərnişinlər üçün daha keyfiyyətli və etibarlı xidmət təmin edir. Xidməthaqqı müqavilədə müəyyən edilmiş daşıma keyfiyyətinin səviyyəsinə dair tələblər nəzərə alınmaqla daşıyıcının xərcləri və mənfəəti qarşılanmaqla hesablanır. Bu yanaşma ictimai nəqliyyat xidmətinin kifayət qədər yüksək keyfiyyətini və etibarlığını təmin edir”.
Anar Rzayev əlavə edib ki, “brutto müqavilə”nin tətbiqi daşıyıcının risklərini azaldacaq, xidmətin keyfiyyətini və əlçatanlığını artıracaq: “Tənzimləyici qurumun təyin etdiyi tələblərə uyğun olan daşıyıcıya daşıdığı sərnişin sayına görə deyil, qət etdiyi məsafəyə, yəni kilometrlərə görə qurum tərəfindən ödəniş ediləcək”.
AYNA-nın İdarə Heyətinin sədri qeyd edib ki, hazırda əsas çətinliklərdən biri odur ki, sərnişindaşıma xidmətinin keyfiyyətinə görə daşıyıcıların məsuliyyətə cəlb olunması üçün mövcud hüquqi mexanizmlər yetərli deyil: “Ancaq yeni yanaşma – “brutto müqavilə modeli” məhz bu boşluğu dolduracaq. Bu mexanizm sayəsində daşıyıcıların fəaliyyətinə gündəlik nəzarət ediləcək, keyfiyyət standartlarına əməl olunmadıqda isə cərimə və ya müqavilənin ləğvi kimi təsirli tədbirlər görüləcək. Beləliklə, sərnişinlərin rahatlığı və təhlükəsizliyi birbaşa təmin olunacaq”.
“Taksilərin qiyməti tənzimlənən qiymətlər deyil. Taksilərin qiyməti bazarın təsirləri əsasında formalaşmalıdır. Ödənişli zonaların taksi fəaliyyətinə təsiri hazırda açıq sualdır”.
“Növbəti 3 ay ərzində bu məsələ araşdırılacaq. Taksilərin gəlirləri də nəzərə alınacaq. Hazırda bununla bağlı proqnoz vermək çətindir, çünki bu, ciddi hesablamalar tələb edir. Hər bir qərarın arxasında ciddi iqtisadi əsaslandırma dayanmalıdır. Hökumətin tələbi budur”, – deyə A.Rzayev əlavə edib.








