Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Yəhya Hüseynov və Məhəmməd Xəlilli küçələrini birləşdirən Dəmir yolu üzərindən keçən piyada körpüsünün pilləkənlərinin təmiri, Natiq Həşimi küçəsində qəzalı vəziyyətində olan elektrik xətlərinin yenilənməsi, Asəf Zeynallı küçəsində sahibsiz heyvanların ərazidən toplanması, Qarabağ küçəsində su nasosxanasına gedən açıq qəzalı vəziyyətdə olan elektrik naqillərin üstü bağlı xətlə əvəz olunması, İpək yolu küçəsində yağış yağan zaman su basma hallarının qarşısının alınması, Natiq Həşimi küçəsində aparılan təmir tikinti işləri zamanı binanın qarşısındakı yararsız vəziyyətdə olan söhbətgahın təmir edilməsi, Atilla küçəsində vətəndaşlar tərəfindən qoyulan sürət həddinin qarşısının alınması üçün olan kəndir maneənin götürülməsi və həmin küçədə döngəyə qarşı tərəfi göstərən güzgünün (avtomobillərin hərəkətini tənzimləyən) qoyulması, Kür küçəsinə avtobus dayanacağının quraşdırılması və küçənin işıqlandırılması, Qafur Məmmədov küçəsinə 600 kv.m asfalt örtüyünün çəkilməsi, Həkəri küçəsində 314 saylı məktəbin qarşısına yığılan yağış sularının ötürülməsi üçün drenaj quraşdırılması və məktəbin təmir olunub, istilik sistemi ilə təmin olunması, İpəkyolu küçəsində piyada səkisinin salınması və 203 saylı avtobusların iri həcmli avtobuslarla əvəzlənməsi ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
















