Binəqədidə sahibkar xanımın BMW-sindən oğurluq edilib

0
9134

Bakıda sahibkar xanımın avtomobilindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxsə cəza verilib.

Bineqedi.com qaynarinfo-ya istinadla xəbər verir ki, oğurluğu 1985-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş Mübariz Ağayev törədib. Onun Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Mübariz Ağayev Binəqədi rayonu 4-cü mikrorayon ərazisindəki şadlıq sarayının yaxınlığında BMW markalı avtomobildən oğurluq edib. Təqsirləndirilən şəxs əvvəlcə maşının içərisinə baxdıqda arxa oturacaqda qadın çantasının olduğunu görüb. O, üzərində olan avtomobil şamı (“sveça”) ilə BMW-nin şüşəsini sındırıb və çantanı götürərək oradan uzaqlaşıb.

Avtomobil turizm şirkətlərdən birinin rəhbəri Vəfa Məmmədovaya məxsus olub. Nəticədə onun şəxsiyyət və sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, bir ədəd 350 manat dəyərində qızıl boyunbağı, bir ədəd 600 manat dəyərində qızıl qolbağı, iki ədəd, biri 70 manat, digəri 100 manat dəyərində tək qızıl sırğa, bir ədəd 300 manat dəyərində qırıq vəziyyətdə naxışlı qolbağı, bir ədəd 100 manat dəyərində ağ rəngli “iPhone 14 Pro” markalı mobil telefonun enerji kabeli, bir ədəd 400 manat dəyərində tünd göy rəngli “Prada” markalı pul qabı, həmin pul qabının içərisində 72 manat pul, bir ədəd 100 manat dəyərində “İydə” adlı ətir, 14 485 avro və 3 800 manat pulunun olduğu qara rəngli “Prada” markalı çantanın oğurlanıb.

Aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin “Toyota RAV4” avtomobilindən də oğurluq etməsi məlum olub. Mübariz Ağayev zərərçəkmiş Zaur Şirinovun idarə etdiyi avtomobildən içərisində 1 700 manat olan pul kisəsini oğurlayıb.

Məhkəmənin hökmü ilə Mübariz Ağayev 4 il müddətə azadlıqdan məhrum edilib.

***

Bakıda qadın əmisi oğlu ilə birləşib, sevgilisinin evini qarət edib.

Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Cəlilabad rayon sakini 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova Ruslan adlı şəxslə tanış olub və onunla sevgi macəraları yaşamağa başlayıb. O, Ruslanın imkanlı ailədən olduğunu bilərək, hər həftə onunla görüşüb. Bir müddət sonra Ruslan Şəbnəmi evinə dəvət edib və onlar mütəmadi olaraq evdə görüşüblər. Şəbnəm Ruslanın evinə gəlib-gedərkən evi gəzib, mənzildə olan əşyaların yerini müəyyənləşdirib. O, bir gün Ruslanın evində olarkən, yataq otağında bahalı seyfi görüb.

Bir müddətdən sonra Şəbnəm Ruslanla görüşməkdən imtina edib və müxtəlif bəhanələrlə onunla görüşdən yayınıb. Bir gün Şəbnəm eşidib ki, Ruslanın atası Bakıdakı özəl klinikalardan birində ağır əməliyyata hazırlaşır. O, Ruslanla yenidən evlərində görüşüb və əməliyyatın vaxtını öyrənib. Həmin vaxt Şəbnəm Ruslangildə olarkən evin ehtiyat açarını götürüb.

Ruslan ailəsi ilə birlikdə atasını klinikaya əməliyyata aparıb. Həmin vaxt fürsətdən istifadə edən Şəbnəm əmisi oğlu, 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanovla əlaqə yaradaraq tanışının evində bahalı seyfin olduğunu deyib və seyfi oğurlamaq üçün ondan kömək istəyib.

Qadın əmisi oğlu ilə birlikdə evə gedib və yataq otağındakı seyfi oğurlayıb. Şəbnəm seyfdəki 340 min manatın müəyyən hissəni Qurbana verib. Qalan pulla o özünə maşın alıb, bacısına gözəllik salonu açıb.

Atası əməliyyatdan çıxandan sonra Ruslan qardaşı ilə evə gələrək, evdən əməliyyatın pulunu götürüb klinikaya qayıtmaq istəyib. Evə daxil olan Ruslan seyfin oğurlandığını görüb.

Dərhal polis əməkdaşlarına məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ş.Hüseynova və əmisi oğlu Q.Sultanov saxlanılıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Hüseynova və Q.Sultanovun hər biri 5 il müddətə azadlıqdan məhrum edilib.

Əvvəlki məqaləPrezident İlham Əliyev və Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər
Növbəti məqalədə“Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirilib – FOTO