“Konstitusiya və Suverenlik İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 Oktyabr – “Beynəlxalq Müəllimlər Günü” münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarında yüksək nəticə göstərən müəllimlərlə görüş keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin əməkdaşı Leyla Quliyeva və müəllimlər iştirak etdilər.
Görüş iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Görüş zamanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova müəllimlik peşəsinin ali missiyası, təhsilin keyfiyyətinin yüksəldilməsində pedaqoqların rolundan, gənc nəslin formalaşmasında müəllimlərin misilsiz xidmətlərindən bəhs etdi. Müəllimlər təhsil sahəsinin inkişafına yönələn diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin müvafiq Sərəncamına əsasən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarında yüksək nəticə göstərmiş və təhsil prosesində səmərəli fəaliyyətinə görə bir qrup müəllim Fəxri Fərmanla təltif edildi.
5 Oktyabr-“Beynəlxalq Müəllimlər Günü” münasibətilə keçirilən bu görüş müəllimlərə olan dərin ehtiramın ifadəsi olmaqla yanaşı, cəmiyyətimizdə təhsilin inkişafına verilən yüksək önəmin bariz nümunəsidir.
Bineqedi.com














