General Əlağa Şıxlinski adına 135 nömrəli məktəbin 55 illik yubileyi təntənə ilə qeyd olunub.
Zəngin tarixi və dərin təhsil ənənələri ilə seçilən General Əlağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbin 55 illik yubileyi münasibətilə möhtəşəm tədbir keçirilib. Yarım əsrdən artıq bir dövr ərzində minlərlə gəncin həyatına bilik, tərbiyə və vətən sevgisi aşılayan bu elm ocağının yubiley mərasimi ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Azərbaycan qan Donorluğunin İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul, Dünya, Olimpiya və Avropa Çempyonu Rəsul Çunayev, 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova, məktəbin şagird və müəllim kollektivi, rayon ictimaiyyəti iştirak edirdilər.
Məktəbin direktoru Şəfa Qurbanova çıxış edərək 55 illik yubiley münasibətilə kollektiv üzvlərini, məzunları və qonaqları təbrik edib, məktəbin tarixi, nailiyyətləri və gələcək planları barədə danışıb. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev və başqaları çıxış edərək məktəbin uğurlarını yüksək qiymətləndiriblər.
Tədbir məktəbin şagirdlərinin bədii proqramı ilə davam edib. Onlar şeir kompozisiyaları, vətənpərvərlik mövzusunda mahnılar və səhnəciklərlə çıxış edərək, müəllimlərinə və doğma məktəblərinə sevgi və minnətdarlıq duyğularını ifadə ediblər. Məktəbin istedadlı şagirdlərinin əl işləri və rəsmlərindən ibarət sərgi də tədbir iştirakçılarında böyük maraq doğurub.
Yubiley çərçivəsində fərqlənən məzunlara “Fəxri Məzun” plaketləri təqdim olunub. Tədbir xatirə fotosu ilə yekunlaşıb.



















