Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya təsdiqlənib.
Bineqedi.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Həmçinin konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
Konsepsiyanın məqsədləri mövcud imkan və resurslar nəzərə alınmaqla, Azərbaycanda məhkəmə ekspertizası sahəsinin qabaqcıl beynəlxalq standartlara və müasir çağırışlara uyğun təşkil edilməsinə, ekspert rəylərinin keyfiyyətinin artırılmasına, insanların hüquq və azadlıqlarının etibarlı təmin olunmasına, ədalət mühakiməsinin çevik və səmərəli aparılmasına nail olmaqdan ibarətdir.
***
Məhkəmə ekspertlərinin əməkhaqları artırılacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada öz əksini tapıb.
Sənəddə görüləcək işlər aşağıdakı kimi qeyd olunub:
– Beynəlxalq təcrübə və iş yükünün dinamikası nəzərə alınmaqla, məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayının artırılması ilə bağlı təkliflərin hazırlanması;
– Məhkəmə ekspertinin ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyən edilməsi və bu sahələrdə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi üzrə tədbirlər görülməsi;
– Məhkəmə ekspertlərinin nəzəri-praktiki hazırlığı, habelə onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu məqsədlə xüsusi təlim proqramlarının hazırlanması;
– Məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əməkhaqlarının artırılması ilə bağlı təkliflərin hazırlanması.
Ştat vahidlərinin və əməkhaqlarının artırılması üçün icra müddəti 2026-cı il müəyyən edilib.

















