“Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir”.
Bineqedi.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətdə yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılıb.
“Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
“Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür”.
“Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir”, – deyə Azərbaycan Prezidenti bildirib.

















