Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin C.Cabbarlı küçəsində su xəttinin təmir edilməsi, Emin Bağırov küçəsi 35 saylı poliklinikanın qarşısında küçə işıqlarının bərpa edilməsi, Gülüstan küçəsi döngə 12 ünvanında ağacın budanması, Üfüq küçəsində sahibsiz heyvanların ərazidən toplanması, Amil Rəvan küçəsində asfalt örtüyünün təmiri və yenidən qurulması ilə əlaqədar, Üfüq küçəsində küçə işıqlarının bərpa edilməsi, Binəqədi şossesi kanalizasiya xəttinin bərpası, C.Cabbarlı küçəsi asfaltın örtüyünün təmiri və yenidən qurulması, Gənclik küçəsində asfalt örtüyünün təmiri və yenidən qurulması və həmin küçədə sahibsiz heyvanların toplanması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.






















