2016-cı il Aprel döyüşləri zamanı şəhid olan Emin Bağırovun anım günü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com xəbər verir ki, ziyarətdə şəhid ailələri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazisi üzrə nümayəndəliyinin və Binəqədi bələdiyyəsinin məsul əməkdaşları və rayon ictimaiyyəti iştirak etdilər.
Mərasimdə Binəqədi qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında şəhidilərin əziz xatirəsi yad edildi, məzarları üzərinə tər güllər düzüldü.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova çıxışında şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək Aprel döyüşlərinin böyük Zəfərə gedən yolun başlanğıcı olduğunu vurğuladı. Aprel döyüşləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə illərdən bəri uğurla davam edən ordu quruculuğu sahəsində həyata keçirilən islahatların və müasir hərbi-texniki bazanın gücləndirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdə böyük gücə, qüvvəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir. Aprel zəfəri sübut etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti Şanlı qələbələr qazanmağa qadirdir.
Şəhid Emin Bağırovun haqqında xatirələrini bölüşən atası-İmran Bağırov şəhidlərin əziz xatirəsinin hər zaman uca tutulduğunu qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi.
Vətənimizin ərazi bütövlüyünün bərpası və suverenliyimiz uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.




















