Onlar 1500 manat cərimə ediləcək

0
9881
pensiya-manat

Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımaq və bu kimi əməllərə görə məsuliyyət müəyyən olunur.

Bineqedi.com xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə yeni – “Xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulması” adlı maddə əlavə edilir.

Layihəyə əsasən, “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə – min beş yüz manat məbləğində cərimə ediləcək.

Həmçinin xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə – inzibati xətanın obyekti olmuş geyim forması və xüsusi nişan müsadirə edilməklə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə ediləcək.

Xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında 3 (üç) iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinə görə – beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulacaq.

Barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilmədən xüsusi icra məmurunun köməkçisi kimi fəaliyyətə başlayan şəxslərə xəbərdarlıq ediləcək və ya beş yüz manat məbləğində cərimə olunacaqlar.

Xüsusi icra məmurunun köməkçisinin müstəqil olaraq xüsusi icra məmurunun fəaliyyəti ilə məşğul olmasına, icra hərəkətlərini həyata keçirməsinə görə – min beş yüz manat məbləğində cərimə ediləcək.

İcra sənədlərinin icrası ilə bağlı xüsusi icra məmurunun qanuni fəaliyyətinə müdaxilə edilməsinə görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə olunacaqlar.

Xüsusi icra məmurları tərəfindən dövlət və digər informasiya ehtiyatları ve sistemlərindən icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olmayan məlumatların əldə edilməsinə görə – beş yüz manatdan min manatadək məbləğdə cərimə müəyyən ediləcək.

Qeyd edilib ki, həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

Uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə məsuliyyət nəzərdə tutulacaq.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcəklər.

Qeyd edilib ki, bu, həmin maddədə göstərilən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

Dilənçiliklə məşğul olmağa görə cəzalar müəyyən edilir. 

Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə – iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Əvvəlki məqaləMetrodakı problem insanları çətin vəziyyətdə qoydu – Fotolar-Video
Növbəti məqalədəBinəqədidə şəhid Tacir Əhmədovun xatirəsi yad edilib – FOTO