Yaşayış yerlərindən imtina edənlər köçkün statusunu itirəcək

0
9091

Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsi qanunla müəyyənləşir.

Bineqedi.com xəbər verir ki, bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.

Layihəyə əsasən, vətəndaş yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək.

Keçid müddəasına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu Qanun qüvvəyə mindiyi tarixdən itirilir.

Yeni təklifə əsasən şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.

Müzakirələrdən sonra məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Əvvəlki məqaləTamștatlı müəllimlər sertifikasiya olunmayacaq – Nazir
Növbəti məqalədəSosial şəbəkələrlə bağlı yeni cərimələr təsdiqləndi