Bu tələbələr təhsil haqqı ödəməyəcək – Siyahı

0
9989

2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbul olunan tələbələrin yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq.

Dövlət İmtahan Mərkəzinin açıqladığı statistikaya əsasən, bu il ali təhsil müəssisələrinə ümumilikdə 58 947 nəfər qəbul olunub. Onlardan 30 522 nəfəri ödənişli əsaslarla, 28 108 nəfəri dövlət sifarişi, 317 nəfəri isə dövlət hesabına təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, müəyyən kateqoriyalara aid şəxslər dövlət və digər təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alsalar belə, təhsil haqqından azad edilirlər.

Təhsil haqqı ödəməkdən azad olunan şəxslər:

Məcburi köçkün statusu olan şəxslər

Dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, AMEA-nın magistratura səviyyəsində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu Azərbaycan vətəndaşları təhsil haqqı ödəməkdən azaddırlar.

Valideyn himayəsindən məhrum olan şəxslər

Hər iki valideyni vəfat etmiş, bir valideyni vəfat etmiş, digər valideyni isə orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər ali, orta ixtisas və peşə təhsili müəssisələrində, eləcə də AMEA-nın magistratura səviyyəsində əyani formada 23 yaşınadək təhsil haqqından azaddırlar.

Əlilliyi müəyyən edilmiş şəxslər

Orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsili və rezidenturada, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları halda təhsil haqqı ödəmirlər.

Dövlət peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslər, həmçinin 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı şəxslər bu güzəştdən yararlana bilərlər.

Şəhid ailəsi statusu olan şəxslər

Şəhid ailəsi statusu almış şəxslər dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində 23 yaşınadək əyani formada təhsil aldıqları halda təhsil haqqından azaddırlar.

Şəhid və müharibə əlillərinin övladları

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və ya məhkəmə tərəfindən ölmüş elan edilmiş şəxslərin uşaqları ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsili və rezidenturada, həmçinin orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları halda təhsil haqqından azad edilirlər.

Müharibə veteranları

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsili və rezidenturada, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları halda təhsil haqqı ödəməkdən azaddırlar.

2026-cı ildən yeni güzəşt – həlak olmuş minatəmizləyənlərin övladları

Bu il təhsil haqqı güzəştləri daha bir kateqoriya üzrə genişləndirilib. 2026-cı il aprelin 27-də qəbul edilən qanuna əsasən, minatəmizləmə zamanı həlak olan və ya xəsarət nəticəsində həyatını itirən minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.milli.az

Əvvəlki məqalə2 nəfəri iş başında elektrik cərəyanı vurub öldürdü
Növbəti məqalədəBu ünvanlardakı binalar sökülə bilər