Binəqədi rayon 28 May qəsəbəsi ərazisində yerləşən 306 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
RİH başçısı E. Allahverdiyev bildirib ki, cənab Prezidentin dövlət qurumlarının rəhbərlərinə verdiyi tapşırıqların icrası məqsədi ilə sakinlərlə onların yaşadıqları ərazidə səyyar görüşlər davamlı olaraq təşkil edilir.
Hazırki dövrdə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş “Qəsəbə aylığı” çərçivəsində növbəti səyyar görüş rayonun 28 May qəsəbəsində keçirilir.
RİH başçısı səyyar görüşlərin keçirilməsinin əhəmiyyətinin olduqca vacibliyini vurğulayaraq qeyd edib ki, ölkə Prezidentinin dediyi kimi, hər bir dövlət məmurunun borcu vətəndaşların problemlərini, onları narahat edən məsələləri yerində öyrənmək və onların həlli istiqamətində səlahiyyətləri çərçivəsində tədbirlər görməkdən ibarətdir.
RİH başçısı görüşdə RİH-in məsul vəzifəli şəxsləri və xidmət təşkilarının nümayəndələrinin də iştirak etmələrini sakinlərin nəzərinə çatdırdıqdan sonra, onların müraciətlərini dinləyib.
Qəsəbə sakinləri yaşadıqları ərazidə küçələrin işıqlandırılması, qaz və elektrik enerjisi təchizatı, asfalt örtüyün çəkilməsi, marşrut xəttinin uzadılması, su-kanalizasiya şəbəkəsində mövcud problemlərin aradan qaldırılmasını xahiş ediblər.
RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin müraciətlərini dinlədikdən sonra qeyd edib ki, rayonun su-kanalizasiya şəbəkəsində və yolların asfalt örtüyünün yenilənməsi istiqamətində mövcud problemlərin kompleks şəkildə həlli nəzərdə tutulur.
Eyni zamanda, xidmət təşkilatlarının rəhbərlərinə yaxın müddətdə ərzində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verib.
RİH başçısı onu da qeyd edib ki, qəsəbə ərazisində mövcud problemlərlə daha yaxından tanış olmaq və gələcəkdə onların praktik həlli üsullarını müəyyən etmək məqsədi ilə yaxın günlərdə RİH başçısı Aparatının məsul şəxslərinin, xidmət təşkilatlarının nümayəndələrinin və sakinlərin iştirakı ilə əraziyə baxış keçirəcəkdir.