İcazəsiz evdən çıxanları nə qədər həbs gözləyir? – AÇIQLAMA

0
43
bineqedi-kendi-binagadi

Məlum olduğu kimi, martın 31-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah həyati əhəmiyyətli fəaliyyət sahələrindən başqa digər işçilərin evdən çölə çıxmasını qadağan edib. Həmin gündən bu yana polis əməkdaşları tərəfindən karantin qaydalarının təmin edilməsi üçün güclü nəzarət tədbirləri aparılır və qaydalara riayət etməyənlər cərimələnir.

Aprelin 5-dən isə vətəndaşlar evdən çıxarkən “8103” nömrəsinə SMS göndərməklə gedəcəkləri yerə müvafiq olaraq 1, 2, 3, 4 rəqəmlərindən birini qeyd etməlidir. Ancaq burada da bir neçə məqam insanlara qaranlıq qalır.

Tanınmış hüquqşünas Adəm Məmmədov karantin qaydalarını pozan şəxslərin cərimələrdən əlavə, 1 aylıq həbs edilə biləcəklərini də bildirib:

“Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunub. Beləliklə, cərimələrdən əlavə karantin qaydalarını pozan şəxslər üçün 1 aylıq inzibati həbs də nəzərdə tutulub. Ümumiyyətlə, insanların sağlamlığı haqqında qanun da var. Buna görə də tövsiyə olunur ki, insanlar zərurət olmadığı halda evlərindən çıxmasınlar. Eyni zamanda insanlar daim Operativ Qərargahın verdiyi qərarlarla məlumatlandırılmalıdır. Yalnız müəyyən olunmuş hallarda evdən çıxmaq olar və bu zaman da çölə çıxmağın səbəbi əsaslandırılmalıdır. Həkimlər də vəzifələri ilə əlaqədar sərbəst şəkildə evdən çıxa bilərlər. Ancaq onlara da məsləhətdir ki, küçədə olmasınlar. Dövlətin bir bildiyi var ki, məhdudiyyətlər barədə belə qərarlar verib. Hamı da əməl etməlidir”.

Vətəndaşın gedəcəyi market, aptek və ya zibil qutusu 200 metrdən çox məsafədə yerləşirsə, cərimələnəcəkmi? Həmsöhbətimiz bu kimi halların nəzərə alınacağını və problemin həll ediləcəyini vurğulayıb:

“Müəyyən şeylər nəzərə alınacaq. Bütün bu cür xırda detalları sahə müvəkkili araşdıracaq. Ərazi üzrə cavabdeh olan polis əməkdaşı orada kimlərin qaldığını və ətrafda market, aptek və ya zibilxanaların məsafəsini daha yaxşı bilir. Sözsüz ki, hər bir bu kimi xırdalıq qanunvericiliyə əlavə edilə bilməz. Əgər hansısa şəxsin evi adlarını çəkdiyimiz yerlərdən çox uzaqdadırsa və ona inzibati cərimə tərtib olunubsa, əsaslı araşdırma ilə məsələ həllini tapacaq. Təbii ki, problem daha da dərinləşsə, prinsipiallıq yaranarsa, yaşayış yerindən arayış, evin kupçası və digər sənədlərlə məsələ yoluna qoyulacaq”.

“İnsanlar dəfn mərasimləri ilə yanaşı, ölüm ayağında olan yaxınlarını ziyarət edə bilərmi” sualına hüquqşünas belə cavab verib:

“İnsanlar yaxınlarının dəfn mərasimində iştirak edə, yaxud ölüm ayağında olduqları zaman baş çəkə bilərlər. Ancaq bu zaman da tələb olunan qaydalar gözlənilməlidir. Belə olan halda mərasimlərdə 10 nəfər yox, 5 nəfər bir yerə yığılmalıdır. İnsanlar arasında tələb olunan məsafəyə riayət olunmalıdır”.

Qeyd edək ki, aprelin 5-dən 20-dək vətəndaşlar “8103” pulsuz sms nömrəsinə 2 saat və daha artıq müddətə təcili tibbi yardım, xəstəxanaya müraciət etmək üçün 1, gündə bir dəfə 2 saatlıq market və ya aptekdən alış-veriş etmək üçün 2, yaxın qohumunun dəfnində iştirak etmək üçün 3, gündə bir dəfə 30 dəqiqə olmaqla və yaşayış yerindən 200 metrlik radiusda gəzinti üçün 4 yazıb göndərməlidirlər.lent.az

Əvvəlki məqaləKoronavirusa yoluxanların Bakı və rayonlar üzrə statistikası açıqlandı – SİYAHI
Növbəti məqalədəBinəqədidə keçmiş məhkumun evindən 5 kiloqramdan çox heroin götürülüb