Bakıda qətl və xuliqanlıqda təqsirli bilinən 1992-ci il təvəllüdlü İlqar Əhmədovun və 1983-cü il təvəllüdlü Emin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İlqar Əhmədov tanışı Emin Cəfərovla birlikdə “Karvan” kafesində spirtli içki qəbul edib, sərxoş vəziyyətdə Binəqədi qəsəbəsi, Dairəvi yolunda yerləşən “Ordubad” kafesinə gəlib.
Həmin kafeni icarə əsasında işlədən V.Qasımov onları davranışları ilə bağlı qınayıb. Yaranmış mübahisə zamanı İlqar Əhmədov Emin Cəfərovla kafenin içində olan masaları aşırıb, zədələyiblər. Sonra kafenin pəncərələrin şüşələrini, keramik qabqacağı yerə çırparaq sındırıblar. Onlar bu hərəkətləri ilə Qasımova 420 manat məbləğində maddi ziyan vurmaqla xuliqanlıq ediblər.
Bundan başqa, İlqar Əhmçədov qardaşı və tanışı P.İIyasovla birlikdə Binəqədi qəsəbəsi, Dairəvi yolunda olan ev tikinti kombinatının yaxınlığında yerləşən “Kamran” kafesinə gəliblər.
Orada tanışları T.Quliyev, A.İlyasov, C.Həmzəyev və E.Qədimovla birlikdə spirtli içkilər qəbul ediblər. Söhbət əsnasında İlqar Əhmədov Turan Quliyevin üzərində soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli bıçağı görüb, ondan qanunsuz alaraq öz üzərində gəzdirmiş, bir neçə günlük istifadə etmək üçün bıçağı ondan alıb.
İlqar Əhmədov təxminən saat 23.30-da Pərviz İlyasovun evə getmək təklifi ilə kafedən bayıra çıxarkən həyətin giriş darvazasında əvvəllər tanımadığı A.Süleymanovaya təsadüfən çiyni ilə toxunub. O, Süleymanovadan üzr istəsə də, sonuncunun yanında olan Murad Hüseynov isə bu hərəkətinə görə, ona irad tutub.
Bu zaman İlqar Əhmədov üzr istədiyini desə də, Murad Hüseynov onun üzr istəməsini eşitmədiyini və yenidən üzr istəməsini tələb edib. Həmin vaxt Murad Hüseynovla az əvvəl kafedə olmuş və hesab vermək üçün kafedə qalmış tanışı Rüfət Ağayevin onlara yaxınlaşmalarını görüb.
Bu vaxt İlqar Əhmədov Murad Hüseynovun bir az əvvəl ona irad tutmasını cüzi səbəb kimi bəhanə edib, nə baş verdiyini öyrənmək istəyən Rövşən Ağayevi xuliqanlıq niyyəti ilə qəsdən öldürmək üçün gödəkçəsindən tutaraq çırıb.
Daha sonra bir az əvvəl əldə etdiyi bıçaqla Rövşən Ağayevin qarın nahiyəsinə bir dəfə vurub. Sonra onunla ilk mübahisə etmiş Murad Hüseynovun ürək nahiyəsindən bir dəfə zərbə endirib.
Murad Hüseynov aldığı xəsarətdən hadisə yerindən ölüb. Rövşən Ağayevə xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən İlqar Əhmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Emin Cəfərov isə Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Əhmədov 19 il, Emin Cəfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan İlqar Əhmədov apelyasiya şikayəti verib. O, cinayət işinin yenidən araşdırılmasını, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə İlqar Əhmədovun şikayəti qismən təmin edilib. Onun cəzası 17 il 6 aya endirilib.
Bu qərardan narazı qalan İlqar Əhmədov kasasiya şikayəti verib. O, kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya intansiyasında araşdırılması üçün qərar qəbul edilməsini istəyib.
İlqar Əhmədovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, İlqar Əhmədovun kasasiya şikayəti təmin olunmayıb.teleqraf.com