Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət mayın 18-dən bərpa edilib. Qəbul edilən qaydalara əsasən bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.
Ötən gün Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən reyd keçirilib. Bineqedi.info saytı xəbər verir ki, reyd zamanı paytaxtın Binəqədi rayonu Xocahəsən qəsəbəsində “Cavid” adlı kafedə karantin qaydalarının pozulduğu məlum olub. Ümumilikdə, kafe sahibi ilə birlikdə 6 nəfər işçi saxlanılıb və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin (İX) 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunub. Onlardan bir nəfər 200, digər şəxslər isə 100 manat məbləğində cərimələnib.