Karantin rejimi 30 sentyabra qədər uzadıldı

0
49
karantin

Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Bineqedi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb:

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi  sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabiləşib, yoluxma hallarının kəskin azalmasına nail olunub.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb və yumşalmalar təmin edilib.

Bununla bərabər, əldə olunmuş uğurların möhkəmləndirilməsi, insanların həyat və sağlamlığının səmərəli qorunması məqsədilə, eləcə də dünyada COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Həmçinin, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.

Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.

Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır.

Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.

Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq.

Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək:

5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;
12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;
19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;
26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.

Virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha bütün vətəndaşlarımızı tətbiq olunmuş karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafə saxlamağa, tibbi maskalardan istifadə etməyə çağırırıq.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə bir nəfər köməksiz qaldı
Növbəti məqalədəBinəqədi məktəbinin yetirməsi 700 bal topladı