Bakının Binəqədi rayonu, S.S.Axundov küçəsi ərazisində arvadını özünü öldürmə həddinə çatdırmaqda ittiham olunan 1989-cu il təvəllüdlü Dilqəm Umudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qadın ərinə irad tutdu, dəhşət yaşadı
Sonuncu dəfə Dilqəm Umudov Leylanın ona övladlarına nəzarət etməməsini irad bildirməsini səbəb kimi gətirib. O, ər-arvad münasibətlərindəki üstünlüyünü nümayiş etdirmək məqsədilə Leylanın bədəninin müxtəlif nahiyələrinə yumruq-təpik vurub, saçından tutaraq yerdə sürüyüb.
Dilqəm Umudov uzun müddət etdiyi bu hərəkətləri ilə Leylanın özünü öldürmə həddinə çatdırıb.
Qadın niyə özünü öldürə bilmədi?
Leyla Umudova dözülməz vəziyyətdən yeganə çıxış yolunu özünü öldürməkdə görüb. O, mənzildən çıxaraq yaşadığı binanın damına qalxıb və intihar etmək məqsədi ilə özünü damdan atan zaman həmin binanın mühafizəçisi onu tutub.
Nəticəsində Leyla Umudovanın intihar cəhdinin qarşısı alınıb.
Binəqədi rayon Prokurorluğunda başlanan intihar hadisəsi ilə bağlı araşdırma zamanı Dilqəm Umudov təqsirli bilinib.
“Aramızda narazılıq olmayıb”
İstintaq orqanı tərəfindən Dilqəm Umudovun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirlədirilən şəxs qismində ifadə verən Dilqəm Umudov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, qeyd edib ki, 2016-cı il tarixdə Leyla ilə ailə həyatı qurub və sonuncu ilə birgə nikahdan 2017-ci il təvəllüdlü Kuzey adlı övladları dünyaya gəlib: “Leylanın ailəsi mənim ailəmlə əvvəllər qonşuluqda yaşayıb. Həmçinin Leylanın atası Rövşən atamla dostluq edib.
Leyla ilə ailələrimiz vasitəsilə tanış olmuşam, bir-birimizi bəyənmişik və öz istəyimizlə ailə həyatı qurmuşuq. Evləndikdən sonra təxminən 1 ay atama məxsus Nərimanov rayonu ərazisində yerləşən mənzildə, daha sonra isə təxminən 20 gün kirayəyə götürdüyümüz Yasamal rayonu ərazisində mənzildə yaşamışıq.
Həmin mənzildə Leyla ilə münasibətlərimiz yaxşı olub, aramızda hər hansı söz-söhbət və ya narazılıq baş verməyib”.
“Münaqişə etməmişəm”
Dilqəm Umudovun ifadəsinə görə, həmin mənzilin kirayə pulunu onun atası ödəyib, daha sonra qayınanası onların kirayədə yaşamalarına etiraz etdiyindən Badamdar qəsəbəsinə, valideynlərinin yaşadığı evə köçüblər: “Badamdarda da yaşayarkən Leyla ilə aramızda heç bir problem olmayıb. 2017-ci ilin aprel ayında atamın bizim üçün aldığı Binəqədi rayonu, S.S.Axundov küçəsindəki mənzilə köçdük.
Həmin evə köçdükdən sonra Leyla ilə aramızda xırda ailə mübahisələri yaransa da, buna səbəb adətən Leylanın anasının ailədaxili münasibətimizə müdaxiləsi olub. Mübahisələr zamanı sakitliyimi qorumuşam, heç bir şəkildə münaqişə etməmişəm”.
“20 gün ayrı yaşadıq”
Dilqəm Umudov qeyd edib ki, 2017-ci il tarixdə oğlu Kuzey dünyaya gəlib: “2018-ci ilin aprel-may aylarında Leyla ilə münasibətlərimiz pisləşib.
Leyla evdəki qızılları məndən xəbərsiz götürərək özünə kürk alıb. Bu səbəbdən 2018-ci ilin iyun ayında Leyla ilə ayrı yaşamağa başladıq. Təxminən 20 gün Leyla ilə ayrı yaşadıq. Leyla birlikdə yaşadığımız mənzildə, mən isə ailəmlə Badamdar qəsəbəsində qaldım”.
“Halı pisləşdiyi üçün xəstəxanaya apardım”
Dilqəm Umudov bildirib ki, 2018-ci ilin iyul ayında qayınanası və qayınatası Kuzeyi Qusar rayonuna aparıblar: “Leyla ilə əlaqə saxladım, oğlumu görmək istədiyimi dedim. Leyla ilə birlikdə qardaşıma məxsus “Suzuki” markalı avtomobillə Qusar rayonuna getdik.
Yolda Leyla əvvəlki mübahisələrimizi yenidən müzakirə etməyə başladığı üçün xırda mübahisəmiz oldu. Leyla qışqırmağa başladı, avtomobildən düşmək istədiyini bildirdi. Onu sakitləşdirmək istəsəm də, alınmadı, məcbur olaraq avtomobilin qapılarını bağladım.
Leylanın halı pisləşdiyi üçün onu “Qusar” rayonunda yerləşən “OKİ” xəstəxanasına apardım”.
“Leyla ilə bir müddət ayrı yaşadıq”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Leylanın döyülməsi ilə əlaqədar Qusar rayon polis şöbəsində araşdırma aparılıb: “Leyla şikayətçi olmadığı üçün cinayət işinin başlanması rədd edildi.
Bu hadisədən sonra Leyla ilə bir müddət də ayrı yaşadıq. 2018-ci ilin sentyabr ayında Kuzeyin ad günü ilə əlaqədar Leyla ilə barışaraq, birlikdə yaşamağa başladıq.
2018-ci ilin oktyabr ayında yenidən aramızda münasibətlər pozulduğundan, ayrı yaşamalı olduq. Münasibətlərimizin pozulma səbəbi Leylanın avtomobil almaq istəyi, bizim isə buna maddi imkanımızın çatmaması olub. Leyla ilə avtomobil almağı təxirə salmaq barədə razılığa gəldik.
Lakin Leyla qardaşı ilə özbaşına avtomobil axtardığı üçün aramızda yenidən mübahisə yarandı. Bu barədə qaynatama da dedim”.
Dilqəm Umudovun ifadəsinə görə, 2018-ci ilin noyabr ayında Badamdar qəsəbəsi ərazisində yol- nəqliyyat hadisəsi törədib: “Bundan sonra bir müddət yenə Leyla ilə ayrı yaşadıq. 2019-cu ilin yanvar ayında qohumlarımızın təşəbbüsü ilə Leyla ilə barışdıq. Birlikdə Binəqədi rayonu, S.S.Axundov küçəsindəki mənzildə yaşamağa başladıq.
Bundan sonra Leyla ilə münasibətlərimiz normal olub, hər hansı ciddi mübahisə və ya münaqişələr olmayıb”.
“Mənə qarğış etdi, söyüş söydü”
Dilqəm Umudovun sözlərinə görə, hadisə günü Leyla ilə evdə olublar: “Həmin gün atamgil Kuzeyi öz evlərinə aparmışdılar. Saat 17 radələrində atam mənə zəng edərək, binanın həyətində olduğunu, Kuzeyi gətirdiyini bildirdi. Həyətə düşərək uşağı götürdüm, yolda Kuzey yıxıldı.
“Qızının intihar etmək məqsədilə dama çıxdığını dedi”
Dilqəm Umudov bildirib ki, Leylanın arxasınca çıxıb, lakin onu ətrafda görməyib: “Bir neçə dəqiqə sonra evə qalxdım. Leylanın telefonuna anasından zəng gəldi. Telefonu açdıqda o, qızının harada olması ilə maraqlandı. Leylanın atası evinə getdiyini dedim. O isə qızının intihar məqsədilə dama çıxdığını söylədi.
Dərhal dama qalxdım, orada binanın mühafizəçisi Qulam adlı şəxsi və Leylanı gördüm. Qulam Leylanın qoluna girərək liftə doğru gətirdi.
Bundan sonra Leylanı qucaqlayaraq evə gətirdim. Leyla evə girmək istəmədi, buna görə stul gətirdim. O da blokda gözləməyə başladı. Bir müddət sonra Leylanın qardaşı gələrək onu apardı”.
“Məqsəd mənzili ələ keçirmək olub”
Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü Leylaya heç bir şəkildə əl qaldırmayıb. Leylanın onun tərəfindən döyülməsi barədə ifadələrində göstərdikləri tamamilə uydurmadır, onun cinayət məsuliyyətinə cəlb olunması məqsədilə uydurulub: “Leyla birlikdə yaşadığımız mənzili ələ keçirmək məqsədilə bu cür plan qurub. Düşünüb ki, cinayət məsuliyyətinə cəlb olunsam, mənzili əldə edəcək. Bütün bunları Leyla mənim yol-nəqliyyat hadisəsi törətdikdən sonra valideynləri ilə birlikdə planlaşdırıb.
Leyla hadisə günü özünü öldürmək istəməyib. İntihar etmək niyətində olmayıb, ətrafında olan şəxslərin diqqətini cəlb etmək istəyib. Leyla özünü öldürmək istəsəydi, evdə olan bıçaqla özünü bıçaqlayar və ya mənzilin eyvanından özünü atardı. Leylanın bədən səthində aşkar olunmuş xəsarətləri mən yetirməmişəm.
Hadisə günü yalnız Leyla ilə şifahi şəkildə mübahisə etmişəm, əsəbiləşdiyim üçün təhqir etmişəm. Bundan sonra Leyla atası evinə gedəcəyini bildirib, evdən çıxıb və yaşadıqları binanın damına çıxıb. Onun hansı şəraitdə xəsarət alması barədə məlumatın yoxdur”.
“Mənə əl qaldırmayıb”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Leyla Umudova əri Dilqəmin ailəsinin yaşadığı Badamdar qəsəbəsindəki evdə olduqları zaman aralarında münaqişələrin başlanmasından danışıb: “Həmin evdə Dilqəmin atası, anası və qardaşı Cahandar Umudovla birlikdə yaşamışıq.
Evləndikdən sonra dəfələrlə Dilqəmin öz atası ilə aralarındakı maddi problemlər səbəbindən mübahisə etdiklərini müşahidə etmişəm. Bununla bağlı Dilqəm səbəbsiz yerə əsəbini məndən çıxıb və mənimlə mübahisələr edib.
Həmçinin, həmin vaxt tanımadığım şəxslər dəfələrlə mənə zəng edərək, Dilqəmin borcu olduğunu və onu axtardıqlarını bildiriblər. Sonradan mənə məlum olub ki, Dilqəm mənim mobil telefonum vasitəsi ilə borclu olduğu şəxslərə zəng etdiyindən, onlar da mənə zəng vurublar.
Bununla bağlı Dilqəmlə mübahisələrimiz düşüb. Mübahisələr zamanı Dilqəm mənə əl qaldırmayıb, lakin çox nalayiq ifadələrlə təhqir edib”.
“Qardaşı hadisənin şahidi olub”
Leyla Umudovanın sözlərinə görə, 2016-cı ilin dekabr ayında Dilqəm atası Mehmandan borclu olduğu pulu istəyib: “Bu səbəbdən onlar arasında mübahisə olub. Dilqəm hirsini məndən çıxıb, təhqir edib, əl qaldırmasa da mənim və valideynlərimin ünvanına nalayiq ifadələr işlədib.
Halım pisləşdiyi üçün evə təcili tibbi yardım çağırılıb. 2017-ci ilin may ayınadək Dilqəm və ailəsi ilə birlikdə Badamdar qəsəbəsində yaşadıq. 2017-ci ilin aprel ayında Dilqəm əmisi nəvəsinin sünnət toyunda iştirak etdikdən sonra qardaşı Cahandar Umudovla birlikdə saat 23 radələrində məni atamgilin evindən götürməyə gəldi. Dilqəm içkili idi, avtomobili qardaşı idarə edirdi.
Avtomobilə əyləşdikdən sonra yol boyu Dilqəm mənimlə mübahisə etdi. Maşında mənə əl qaldırdı, saçımdan tutaraq gicgah nahiyəmdən yumruqla vurdu. Zərbənin təsirindən başım avtomobilin şüşəsinə dəydi. Dilqəmin qardaşı baş verənlərə şahid olsa da, hadisəyə biganə qaldı”.
Zərərçəkmiş şəxsin ifadəsinə görə,2017-ci ilin mayında Binəqədi rayonu, S.S.Axundov küçəsində olan mənzilə köçüblər, həmin mənzili Dilqəmin atası alıb.
Zərərçəkmiş dəfələrlə mübahisə etmələrindən, döyülməsindən, mütəmadi olaraq təhqir olunmasından danışıb.
“Qulağıma övladımın səsi gəldi”
Leyla Umudova qeyd edib ki, valideyinlərinin hər bir halda ailəsini qorumağa çalışmaları səbəbindən Dilqəmdən ayrıla bilməyib, təqsirləndirilən şəxsdən qurtulmaq üçün yeganə çıxış yolunu özünü öldürməkdə görüb:
“Buna görə də yaşadığım binanın sonuncu mərtəbəsinə qalxdım və dama çıxdım. Damın kənarına hörülmüş məhəccərin üstünə çıxdım, dizi üstə həmin hissənin üzərində dayanaraq aşağı baxdım. Təxminən 1 dəqiqə dayandım, aşağıya doğru baxdım. Cəsarətimi toplayaraq gözümü yumdum. Özümü aşağı atmaq istəyərkən qəflətən kimsə məni tutdu və arxaya dartdı.
Həmin zaman övladım haqqında fikirləşdim və qulağıma övladımın səsi gəldi. Dilqəmin yenidən məni tutduğunu və intihar edə bilmədiyimi düşündüm. Həmin şəxsi görmədim. Lakin əlindən çıxmağa və özümü binadan aşağı atmağa səy göstərdim. Onun binanın mühafizəçisi olduğunu sonradan öyrəndim.
Mühafizəçi məni sakitləşdirməyə çalışdı, lakin onun nə dediyini başa düşə bilmədim.
“Döyməyəcəyi barədə vədlər verdi”
Leyla Umudovanın sözlərinə görə, həmin vaxt şok vəziyyətində olub: “Yalnız Dilqəmdən yaxa qurtarmaq barədə düşünmüşəm və danışa bilməmişəm. Mühafizəçiyə işarə edərək telefonu verməsini istədim. Bir müddət sonra mühafizəçi telefonunu açaraq qarşıma qoydu. Nömrəni yığdıqdan sonra telefonu qulağıma qoydum. Lakin danışa bilmədiyim üçün mühafizəçi özü atamla danışdı.
Vəziyyətim pis olduğu üçün yaşadığımız evə düşərkən mühafizəçinin qolundan tutdum. Mühafizəçi məni yaşadığım evin dəhlizində otuzdurdu. Dəhlizdə oturarkən Dilqəm mənə bir daha döyməyəcəyi barədə vədlər verdi, sakitləşdirməyə çalışdı”.
Binəqədi rayon Məhkəməsinin hökmü ilə Dilqəm Umudov Cinayət Məcəlləsinin 155-ci maddəsi ilə təqsirsiz bilinib və ona həmin maddə üzrə bəraət verilib.
Hökmə əsasən, Dilqəm Umudov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 1500 manat cərimə cəzası təyin olunub.
Hökmdən narazı qalan zərərçəkmiş Leyla Umudova və onun müdafiəçisi apelyasiya şikayəti verib. Zərərçəkmiş tərəf bininci instansiya məhkəməsinin hökmünün ləğv olunmasını, Dilqəm Umudovun Cinayət Məcəlləsinin 125 və 128-ci maddələri ilə təqsirli bilinməsini, ağır cəza təyin olunmasını istəyib.
Hökmdən narazı qalan prokuror da apelyasiya protesti verib. Prokuror da Dilqəm Umudovun cəzasının ağırlaşdırılmasını tələb edib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həm prokurorun protesti, həm də zərərçəkmiş tərəfin şikayəti təmin olunmayıb.teleqraf.com