Bu gün oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 98 il ötür.
Bineqedi.info saytı xəbər verir ki, akademik 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya gəlib.
1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə institutu bitirib.
1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib. 1977-ci ildə Z.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib.
Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilib, 1983-cü ildə isə həmin kafedranın müdiri olub.
Alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunub.
Xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Elmlər Akademiyasının akademiki seçilib.
Z.Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib.