İyunun 24-də Bakının Binəqədi rayonunda qətl törədilib.
Bineqedi.info saytı qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan Oxu.az-a verilən məlumata görə, cinayət saat 04:00 radələrində Ağamalıyev küçəsində 6 saylı binanın qarşısında baş verib.
Abdullayev Kamran Azad oğlunun bud nahiyəsinə bir bıçaq xəsarəti yetirilib. K.Abdullayev Kliniki Tibbi Mərkəzə çatdırılanda qan itirdiyinə görə ölüb.
Operativ-istintaq qrupu təhqiqat zamanı müəyyən edib ki, qətli daha əvvəl oğurluğa və avtomobil qaçırmağa görə mühakimə olunmuş 22 yaşlı Çərkəzov Pərvin Pərviz oğlu törədib. O, hadisə yerindən qaçıb və hazırda sözügedən rayonun 4-cü Polis Bölməsinin əməkdaşları onun axtarışını davam etdirirlər.
İlkin məlumata görə, qeyd edilən şəxslər daha əvvəl bir-birini tanımayıblar. Hadisə şahidlərinin sözlərinə görə, iki gənc arasında münaqişə ədəbsiz ifadələrin işlədilməsinə görə baş verib. Qızla gəzən K.Abdullayev telefonda kiminləsə kobud danışan P.Çərkəzovun yanından keçəndə ona narazılığını bildirib.
O, P.Çərkəzovu əxlaqlı olmağa çağırıb. P.Çərkəzov iraddan sonra cibindən bıçağı çıxararaq K.Abdullayevə zərbə endirib.
Qətl faktı üzrə cinayət işi qaldırılıb, istintaq davam edir.