Nəvəsi Binəqədili milyonçu Ağa Musa Nağıyevin barədə maraqlı faktlar açıqladı

0
25169

Məşhur Azərbaycan milyonçusu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin (1848-1919) ölümündən yüz il keçir.

O, Bakıda nə az, nə çox 98 bina tikib. Biz, tarixə baş vuraraq, Musa Nağıyevin ziddiyyətli həyatı haqqında danışacağıq.

Xeyriyyəçinin həyatı barədə  ətraflı onun nəvəsi, publisist Dilarə Nağıyeva – Muxtarova danışıb.

Saman satan tacirin ailəsində dünyaya gələn milyonçu

Musa Nağıyev 1848-ci ildə, Biləcəri qəsəbəsində, saman satmaqla məşğul olan kasıb tacirin ailəsində dünyaya göz açıb. 11 yaşında o, limanda yükdaşıyan işləyib. Sübh saat beşdən iş başında olan M.Nağıyev 18 yaşında pul yığaraq torpaq sahəsi alıb. Burada o, əkinçiliklə məşğul olmaq istəyib, lakin su üçün quyu qazan zaman, onun torpağında neft fontan vurub. Həmin gündən o, neft ticarətiylə məşğul olmağa başlayıb.

M.Nağıyev neft mədənilə ciddi maraqlanmağa başlayıb və tezliklə savadlı mütəxəssis-neftçiləri işə götürüb. Bir neçə il sonra Binəqədi qəsəbəsində olan, demək olar ki, bütün quyular M.Nağıyevin olub. O, Nobel qardaşlarını çıxmaqla, Bakının ən zəngin neft hasilatçılarından olub.

Bibiheybətdəki mədənlərin bütün quyularından böyük miqdarda neft hasil olunurdu. Bu isə körfəz sularının altında ən zəngin neft yataqlarının olduğunu göstərirdi. Şəhər idarəsi suyun altında olan neft mədənlərini satmağa başladıqda, həngamə qopdu. Bir pud neftin qiyməti 20 qəpik olduğu halda neft hasilatçıları xəzinəyə 100.000 pud neft üçün 300.000 rubl (yəni bir puda 3 rubl) ödəməyə yazılı surətdə öhdəlik götürürdülər.

Onlar içində milyon ton neft “gizlədən” torpaqları nə bahasına olursa olsun əldə etmək istədikləri üçün bu öhdəlikləri üzərlərinə götürürdülər. Çünki əldə edəcəkləri neft onların bütün xərclərini artıqlamasıyla ödəyəcəkdi.

Özünə müntəzəm gəlir mənbəyi təmin etmək üçün M.Nağıyev tikinti və mülkə sərmayə qoymağa başladı. O, 100 bina tikməyi arzu edirdi, lakin arzusuna qovuşmaq üçün cəmi iki bina çatmadı. M.Nağıyev özündən sonra Bakı sakinlərinə 98 bina miras qoyub.

“1913-cü ildə, Qorçakovski küçəsində (hazırda Zeynalabdin Tağıyev, 13) M.Nağıyev polşalı memar İosif (Yusif) Ploşkonu cəlb edərək, “Yeni Avropa” mehmanxanasını tikib. Bu gün həmin binada Rusiyanın LUKOYL neft şirkətinin ofisi yerləşir. İ.Ploşko Musa Nağıyevin digər binalarının tikintisində də iştirak edib”, – deyə Dilarə Nağıyeva-Muxtarova qeyd edib.

İ.Ploşkonun zəngin arxitekturası bu binalarda izini qoyub:

– İstiqlaliyyət, 10 küçəsindəki (keçmişdə Nikolayevin küçəsi) “İsmailiyyə” (1908-1913 ildə tikilib),

– 28 may, 10 və 4-6 küçələrindəki (Telefonnaya küçəsi) 4-mərtəbəli (çoxmənzilli) evlər (əkiz binalar 1908-1910-cu illərdə tikilib),

– Nizami, 91 küçəsində 4 mərtəbəli yaşayış binası, 91 (1908-1910, Torqovaya küçəsi);

– Marinski, 4-6 küçəsində 3 mərtəbəli ev (1909-1910);

– Tağıyev, 13 küçəsində “Yeni Avropa” mehmanxanası,

– Molokan və Krasnovodski küçələrinin kəsişməsində çoxmənzilli ev (1913),

– Molokan, 47 küçəsində 4 mərtəbəli ev (1912) və s.

Ana və Uşaqların Mühafizə İnstitutu Bakının qalan binalarının fonunda seçilir. “Zabitlər evi”ni həmçinin M.Nağıyev tikdirib. Məhkəmə ekspertizası Mərkəzinin binasında isə indiyə qədər “MN” venzeli saxlanılır.

Dəmiryol vağzalının açılışından sonra şəhərin tarixi mərkəzinin küçələri inkişaf etməyə başlayır. Küçəyə “Telefonnaya” adı verilir, çünki Musa Nağıyev küçə boyu yarımstansiya ilə birləşən telefon sütunları quraşdırmışdı.

Neft maqnatı öz binalarını o vaxtın aparıcı ofislərinə kirayə verirdi. Məsələn, Üzeyir Hacıbəyov küçəsində “Birja” neft istehsalı ofisi, qara şəhərdə – neft zavodları, Bülbül prospektində – böyük fabrik, həmçinin gəmiçilik idarəsi yerləşirdi. Ramana qəsəbəsində neft kəməri stansiyaları, Füzuli və Xəlil Rza küçələrinin kəsişməsində mexaniki sex fəaliyyət göstərirdi.

O zamanlar belə bir məsəl gəzirdi ki, Ağa Musa Nağıyevin vurduğu mismarı çıxarmaq mümkün deyil.

“Onun xəsis olduğu barədə formalaşan fikrin əksinə, M.Nağıyev xeyriyyəçiliyə çox pul xərcləyərdi, ən böyük məktəblərdən birinin əsas sponsoru olub. Hazırda Bakı məktəbinin binasında Azərbaycan Dövlət İqtisad Universiteti yerləşir. Hər il mesenat 25 müsəlman qızın məktəbdə təhsil xərclərini ödəyirdi və təhsil müəssisəsinin möhtərəm qəyyumu kimi tanınırdı. Məhz bu səbəbdən M.Nağıyev Andreyevsk lentində qızıl medal və III dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdu”, – deyə mesenatın nəvəsi danışır.

Musa Nağıyevin evlənməsi

1872-ci ildə, hələ neft maqnatı olmadan öncə, M.Nağıyev Ruhiyyə Seyid qızıyla ailə qurur. Onların İsmayıl adlı oğlu və Ummulbanu adında qızı dünyaya gəlir. Sonralar tədbirlərin birində M.Nağıyev gürcü yəhudisi olan Yelizaveta Qriqoryevna ilə tanış olur. Onların arasında illərlə davam edən çox yaxın münasibətlər yaranır.

M.Nağıyev orta boylu və orta çəkili biri olub. O, barmaqlarının uclarını xınaya salardı. Həmin zamanlar bu dəbdə idi. İnsanlarla dolu məkana daxil olanda, hamı ona hörmət əlaməti olaraq, ayağa qalxırdı.

Milyonçu qonaqlıqlara həmişə Yelizavetayla gedərdi. Özü də, onu arvadı kimi təqdim edərdi, Ruhiyyəni isə xanımı – övladların anası adlandırardı. Ruhiyyə xanımın onların münasibətləri barədə xəbəri var idi.

1900-cü ildə Musa Nağıyevin qızı Ummulbanu ailə qurur, lakin, çox keçmədən, doğuş zamanı dünyasını dəyişir.

1902-ci ildə Florensiyada onun yeganə oğlu İsmayıl vərəm xəstəliyindən ölür.

Bundan sonra Ruhiyyə xanım Gül passajında yerləşən başqa evə köçərək yoldaşından ayrı yaşamağa başlayır.

Nakam dünyasını dəyişən oğlunun xatirəsinə M.Nağıyev 1907-ci ildə İosif Ploşkoya Nikolay küçəsində “İsmailiyyə” Sarayını tikməyi, içində isə oğlunun heykəlini qoymağı sifariş edir. Bu gün həmin yerdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyəti yerləşir.

27 yaşlı oğulun ölümü xeyriyyəçiyə o qədər təsir edir ki, o, xəstəxana tikmək qərarına gəlir. M.Nağıyev burada ağır xəstəliklərin profilaktikası və effektiv müalicəsinin həyata keçirilməsini, xüsusilə cavanların vaxtsız dünyadan köçməməsini çox istəyirdi.

İstedadlı mühəndis N.Bayevin layihəsi üzrə tikilmiş xəstəxananın binası 1918-ci ildə istifadəyə verilib. Onun tikintisi Musa Nağıyeva qızılla 300 min rubla başa gəlib. 1992-ci ildə binaya yenidən M.Nağıyevin adı qaytarılıb. Binada uzun müddət Musa Nağıyev adına təcili tibbi yardım Klinik Xəstəxanası yerləşib. 2010-cu ilin iyunundan isə burada Azərbaycan Səhiyyə Nazirliyi fəaliyyət göstərir.

“Xəsis Musa”

XIX əsrin sonunda – XX əsrin əvvəllərində neft tələbatının artması milli burjuaziyanın da yüksəlməsinə səbəb olub. Bakının 11 milyonçusunun sərvəti o vaxtın bəzi hakim qüvvələrinin sərvətindən çox idi.

1913-cü ildə M.Nağıyevin var-dövləti 413 milyon rubla çatmışdı.

M.Nağıyevin və digər xeyriyyəçilərin əməyi sayəsində Azərbaycanda qısa müddət ərzində ziyalı nəsil formalaşıb.

Yazıçı Manaf Süleymanov özünün “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında yazır ki, M.Nağıyeva “xəsis” ləqəbi verilmişdi və bu ad bir müddət onun xeyriyyəçiliyini kölgədə qoymuşdu.

Bir gün xeyriyyə tədbirlərindən birində təşkilatçı onu az pul ianə etməkdə qınamışdı və oğlu İsmayıl bəyin on qat daha çox verdiyini üzünə vurmuşdu. Cavabında M.Nağıyev belə deyir: “Burda nə var ki? O, milyonçunun oğludur, mən isə sadə saman satanın”.

“Əslində M.Nağıyev xəsis yox, qənaətcil olub. Arxiv sənədləri göstərir ki, o, digərlərindən qat-qat çox xeyriyyəçilik edirdi: tanımadığı insanlara böyük miqdarda pul borc verir, gənclərin xaricdə təhsilinin xərclərini ödəyirdi, kasıb ailələrə yardım edirdi.

Neft milyonçusu M.Nağıyev XX əsrdə Bakı camaatının xüsusən ehtiyac duyduğu sahələrin dirçəlişi üçün inanılmaz səy göstərirdi. Bu, onun öz xalqına nə dərəcədə bağlı olduğunu nümayiş edir. M.Nağıyevin sərvəti saya gəlməz”, deyə publisist qeyd edib.

Onun ictimai fəaliyyəti barədə eşitdikcə, xalq ona daha çox dəyər verir. Tarixə əfsanəvi milyonçu kimi yazılan M.Nağıyev öz sərvətini tikintiyə, cəhalətdə boğulan xalqının təhsilinin yüksəlməsinə sərf edərək, dünya görüşünü genişləndirirdi. M.Nağıyevin vəfatından sonra isə bütün qəzetlər ən nüfuzlu və hörmətli şəxsin dünyadan köçdüyünü yazırdı.

1919-cu ildə, milyonçunun ölümündən sonra Nağıyevin varisləri mirasın bölünməsi üçün məhkəməyə müraciət edirlər. Məhkəmədə işə üç dəfə baxılır. O zamanlar ruhani idarəsi (şiə olduğu üçün) Nağıyevin sərvətinin onda bir hissəsini məscidlərə verməyi tələb edir. Bununla bağlı ruhanilər hətta rəsmi sənədlər də təqdim edir. Onların iddialarından narahat olan varislər Ağa Musanın “bəhai” olduğuna dair sübutlar gətirərək bildirirlər ki, milyonçu hətta məhkəmələrin birində şahid qismində çıxış edərkən əlini “Quran”a basmaqdan imtina edib və şeyx Bəhaullahın kitabına and içib.

Milyonçunun qaçırılması

Müqabilində böyük miqdarda pul almaq məqsədilə M.Nağıyevi iki dəfə qaçırıblar.

Bir dəfə onu güclə faytona basıb, gözlərini bağlayıb hansısa daxmaya gətiriblər. Oğrular on min rubl tələb edib. Lakin milyonçu özünü itirmədən deyib: “Min rubldan bir qəpik də artıq vermərəm”.  Cinayətkarlar onu öldürməklə hədələdikdə, o, sadəcə gülərək deyib: “Atam, məni öldürə bilərsən, amma onda heç o mini də ala bilməyəcəksən”. M.Nağıyev üç gün həmin daxmada saxlanılıb: yedizdiriblər, içizdiriblər, dilə tutmağa çalışıblar, hədə-qorxu gəliblər, amma min rubldan artığını “qopara” bilməyiblər.

İkinci oğurluq 1908-ci il ilin dekabrının sonunda, onun Bağırov bağının yaxınlığındakı evinin qabağında baş verib. O, tanışlarına onu necə qaçırtdıqları barədə danışmağı sevərdi, ona görə bu hadisənin sorağı bizə də gəlib çatıb.

“Biz Baba Səməndəroğluyla birgə fayton götürərək mənim evimə gəldik. Faytondan ilk mən düşdüm, Baba isə faytonçuyla hesablaşdığına görə bir az ləngidi. Pilləkənlərlə yuxarı qalxırdım ki, qəfildən əllərində tapança tutmuş 4 kişi peyda olaraq məni mühasirəyə aldı. “Bir kəlmə də demə, səsini çıxarsan, yerindəcə səni güllələyərik!” dedilər. Onlara tabe olmağa məcbur oldum. Atam, üstünə 4 revolver tutulanda, başqa nə edə bilərsən ki?! Nə isə, çıxışa tərəf getdim, gördüm, Baba bizə tərəf gəlir. Onlar onu da qamarladılar. Küçəyə çıxdıq”, – deyə Musa Nağıyev öz xatirələrini paylaşardı.

Cinayətkar öz “qurbanları” ilə “Bolşaya Morskaya” küçəsindən keçərək, “Torqovaya” küçəsinə dönüblər, sonra “Kolubyatskaya”, oradan da “Borontsovskaya” küçəsinə. Yol bolu M.Nağıyevin tanışları ona əl edib, papaqlarını çıxararaq salamlayıblar, o isə heç nə olmamış kimi onlara gülümsəyib.

Deyilənə görə, bu oğurluqda İosif Vissarionoviç Stalinin özünün əli olub. Çar rejimini devirib inqilab etmək üçün pula ehtiyac var idi, çünki “ürək yandıranlar”ın verdikləri azlıq edirdi. O zaman marksizm nəzəriyyəçisi və Rusiya Sosial-demokrat işçi Partiyasının yaradıcısı Vladimir Lenin öz ətrafında ən sadiq silahdaşlarını yığmışdı. Onların arasında Kobanın da adı var idi.

İnqilabçılar soyğunçuluq və reketliklə məşğul olan bir neçə qruplaşma yaratmışdı. Cinayət yoluyla əldə olunan pullar partiyanın ehtiyaclarına xərclənirdi. Elə bu məqsədlə 25 yaşlı bolşevik Koba 1904-1905-ci illərdə Bakıya gəlir.

Neft sənayeçisi azad edilmişdi, lakin çox böyük pul mükafatı – yüz min rubl müqabilində. Pulu aldıqdan sonra quldur dəstəsinin üzvləri Ağa Musanı birbaşa Hacı Zeynalabdin Tağıyevin evinə çatdırmışdılar.

Bu hadisədən sonra Nağıyev daha da xəsisləşdi. Öz işçilərini son nəfəsədək işlədərək qəpik-quruş verirdi.

Musa Nağıyevin Azərbaycandakı varisləri

Dilarə Nağıyeva-Muxtarova Fərəc Nağıyevin qızıdır. Oğlu İsmayılın ölümündən sonra Musa Nağıyev üçaylıq Fərəci oğulluğa götürüb. Fərəc Nağıyev milyonçunun qardaşı Ağa Əlinin oğlu olub.

Aktyor və rejissor olan Fərəc Nağıyev 1929-cu ildən öz soyadına görə təqiblərə məruz qalırdı. Teatrla məşğul olduğu müddətdə o, ya Azərbaycanın xaricində, ya da ucqar yerlərdə yaşayıb. Həyat yoldaşı Zəhra bütün məhrumiyyət və çətinliklərə dözərək beş uşaqla onun arxasınca gəlirdi.

Fərəc Nağıyev Bakı və Dağıstanın geridəqalmış rayonlarında teatrın inkişafı üçün çox şey edib. O, 1928-ci ilədək müxtəlif teatrlarda fəaliyyət göstərib. Lakin sovet Azərbaycanında “Nağıyev” soyadı artıq müvəffəqiyyət simvolu hesab olunmurdu.

Hazırda Dilarə Nağıyeva-Muxtarovanın 79 yaşı var. O, publisistdir və “Musa Nağıyevin sahibkarlığı, ictimai fəaliyyəti və xeyriyyəçiliyi” mövzusunda dissertasiya müdafiə edib.

Ötən həftə Bakıda “Nurlu əməllərin işığında” sənədli filminin nümayişi keçirilib. Musa Nağıyevin ölümünün 100-cü ildönümünə həsr olunmuş bu film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşlığıyla çəkilib. oxu.az

Əvvəlki məqaləAzərbaycan əhalisinə şad xəbər – Bu gün minlərlə insanın maaşı artdı
Növbəti məqalədəİcra başçıları Bakıda toplandı