Bu şəxslərə aylıq gəlirdə 400 manatlıq güzəşt tətbiq EDİLƏCƏK

0
9092

Minatəmizləmədə həyatını itirənlərin ailə üzvlərinin vergi tutulan aylıq gəliri 400 manat azaldılır.

Bineqedi.com xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.

Bu, Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqını dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bu Qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.

Əvvəlki məqaləDövlətin dəstəyi ilə iş quran Xocəsən sakini: Fəaliyyətimi genişləndirməyi planlaşdırıram