Azərbaycandakı universitetlərin yataqxana imkanları: Kimlər pulsuz qala bilərlər? – ARAŞDIRMA – FOTO

0
9095

Yeni tədris ilinin başlanması ərəfəsində ali məktəblərə qəbul olunan minlərlə gənc üçün ən aktual məsələlərdən biri mənzil problemi olur. Kirayə mənzillərin qiymətlərinin heç də hər kəs üçün əlçatan olmaması rayonlardan Bakıya təhsil almağa gələn tələbələrin seçim imkanlarını xeyli məhdudlaşdırır. Belə vəziyyətdə universitet yataqxanaları həm daha sərfəli, həm də təhlükəsiz alternativ kimi ön plana çıxır.

Məlumdur ki, istər paytaxtda, istər paytaxtdan kənarda olan ali təhsil müəssisələrinin heç də hamısının yataqxanası yoxdur, mövcud yataqxanalarda isə yerlərin sayı tələbatı tam ödəmir.

Mövzunun aktuallığını nəzərə alaraq Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin yataqxanalarında mövcud vəziyyəti araşdırıb. Hansı universitetlərin yataqxanası var? Yerləşmə qaydaları necədir? Aylıq ödənişlər nə qədərdir və tələbələrə hansı şərait təklif olunur? Araşdırmamızda bu suallara cavab tapmağa çalışmışıq.

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, universitetin ən müasir standartlara cavab verən “Tələbə Evi “2021-ci ildə istifadəyə verilib və 220 nəfərlikdir:

Azərbaycandakı universitetlərin yataqxana imkanları: Kimlər pulsuz qala bilərlər? - ARAŞDIRMA - FOTO

“Otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin edilib. Tələbə Evində camaşırxana, fasiləsiz internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları var. Aylıq ödəniş 75 manatdır”.

Azərbaycan Texniki Universitetinin (AzTU) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il tələbə qəbul etmək üçün yataqxanaları yoxdur.

Azərbaycandakı universitetlərin yataqxana imkanları: Kimlər pulsuz qala bilərlər? - ARAŞDIRMA - FOTO

“AzTU-nun yataqxana binalarında hazırda 114 məcburi köçkün ailəsi məskunlaşıb. Əvvəllər bu binalarda 124 məcburi köçkün ailəsi yaşayırdı, lakin onlardan 10-u işğaldan azad edilmiş ərazilərə köçürüldüyü üçün qalan ailələrin sayı 114-dür. Binaların ümumi vəziyyəti yaşayış standartlarına cavab vermir. Su, qaz və elektrik xətləri, habelə kanalizasiya sistemi məcburi köçkün ailələri tərəfindən fərdi qaydada dəyişdirilib. Ərazidə vaxtilə fəaliyyət göstərmiş idman, sağlamlıq və ictimai iaşə obyektləri, eləcə də ətraf yollar və yaşıllıq sahələri tamamilə yararsız vəziyyətə düşüb. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın ya əsaslı təmiri, ya da sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək”, – deyə məlumatda bildirilir.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) Oxu.Az-a bildirilib ki, universitetə məxsus 5 tələbə yataqxanası olsa da, bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb:

Azərbaycandakı universitetlərin yataqxana imkanları: Kimlər pulsuz qala bilərlər? - ARAŞDIRMA - FOTO

“ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 manat təşkil edir. Kommunal xərclər bu qiymətə daxildir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunurlar. Bütün otaqlar tam təmirlidir. Otaqlar 2 nəfərlikdir. Yataqxanaya, əsasən, sosial həssas qrupdan olanlar və əcnəbi xanım tələbələr qəbul olunurlar. Yataqxanaya yazılmaq üçün əlavə depozit tələb olunmur. Hər tədris ilinin yay aylarında cari ehtiyaclara uyğun kosmetik təmir işləri həyata keçirilir”.

Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, universitetində tələbələrin yaşam tərzinin yaxşılaşdırılması məqsədilə inşa edilmiş 5 yataqxana binası fəaliyyət göstərir.

Azərbaycandakı universitetlərin yataqxana imkanları: Kimlər pulsuz qala bilərlər? - ARAŞDIRMA - FOTO

“Onlardan biri hazırda təmirə bağlanıb. 1 və 2 saylı yataqxanalarımızda Azərbaycan vətəndaşı olan qız tələbələr, 6 saylı yataqxanamızda ATU-da təhsil alan Azərbaycan vətəndaşı olan oğlan tələbələr, 5 saylı yataqxanamızada isə xarici tələbələr yerləşdirilirlər. Təmirə dayanmış yataqxana istisna olmaqla, hazırda yataqxanaların ümumi tutumu 965 nəfərə yaxındır. Yataqxananın aylıq ödənişi yataqxanadan asılı olaraq, tələbə sayı və 1, 2, 3 və 4 nəfərlik otaq sayına əsasən dəyişir.

Məbləğ orta hesabla 60, əcnəbi tələbələri də nəzərə alsaq, 120 manat arasında dəyişir. Təknəfərlik otaqlar ayda 120 AZN, 2 nəfərlik otaqlar ayda 80 AZN, 3-4 nəfərlik otaqlar isə 60 -70 AZN təşkil edir. Tələbə bu ödənişdən əlavə, heç bir kommunal xərc ödəmir. Heç bir depozit tələb olunmur, yalnız ilin əvvəlində müqavilə bağlanılır və ilik yataqxana haqqı ödənilir.

ATU şəhid ailələri və qazilərin istər sosial müdafiəsi, istərsə də onların təhsil və səhiyyə ehtiyaclarına hər zaman xüsusi həssaslıqla yanaşır. Universitetdə bu kateqoriyadan olan şəxslər üçün tətbiq olunan əsas güzəşt və dəstək tədbirlərinə yataqxana təminatı və güzəştləri də daxildir. Belə ki, ATU-nun tələbə yataqxanalarında şəhid ailələrindən olan tələbələr ilk növbədə və tam ödənişsiz əsasda yerləşdirilir. Qazilərin övladlarına və I qrup əlil valideyni olan tələbələrə də xüsusi güzəştlər tətbiq olunur.

Ümumiyyətlə isə bu gün ATU-ya yataqxana təminatı ilə bağlı edilən heç bir müraciət cavabsız qalmır və kifayət qədər yer olduğu üçün hər kəs, o cümlədən də xarici tələbələr müvafiq ödənişlər əsasında bu imkanlardan yararlana bilirlər. Yataqxanalarda tələbələrin rahatlığı üçün oxu və istirahət otaqları, hər mərtəbədə mətbəx, camaşırxana mövcuddur. Həmçinin binalar internet (Wi-Fi) ilə təchiz edilib.

Qarabağ Universitetinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud tələbə yataqxanası müasir kampus konsepsiyası əsasında qurulmuş mənzil tipli binalardan ibarətdir və bütün tələbələr üçün yaşayış tamamilə ödənişsiz əsaslarla təqdim olunurlar:

Azərbaycandakı universitetlərin yataqxana imkanları: Kimlər pulsuz qala bilərlər? - ARAŞDIRMA - FOTO

“Yataqxanadakı otaqlar 2 və 3 nəfərlikdir, zəruri məişət avadanlıqları və müasir infrastrukturla təchiz olunub. Kompleksdə tələbələrin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılıb. Kampus daxilində istirahət guşələri, idman sahələri və yeməkxana da fəaliyyət göstərir. Bizim əsas məqsədimiz tələbələrimizə yalnız keyfiyyətli təhsil vermək deyil, eyni zamanda onların Xankəndi şəhərində müasir, komfortlu və zəngin tələbəlik həyatı yaşamaları üçün bütün imkanları yaratmaqdır. Gələcəyin peşəkar kadrlarını yetişdirmək, tələbələrimizə beynəlxalq səviyyəli təhsil imkanları təqdim etmək və onların karyeralarına güclü başlanğıc vermək bizim əsas hədəflərimizdəndir”.

Azərbaycan Dillər Universitetinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, istifadədə olan yataqxana yalnız qız tələbələr üçün nəzərdə tutulub:

Azərbaycandakı universitetlərin yataqxana imkanları: Kimlər pulsuz qala bilərlər? - ARAŞDIRMA - FOTO

“Yataqxananın ümumi tutumu 205 nəfərdir. Yataqxanada qalmaq üçün aylıq ödəniş 30 manat təşkil edir. Bu məbləğə otaq haqqı, su, işıq, qaz və Wi-Fi xidməti daxildir. Kommunal xərclər ayrıca ödənilmir və bütün xidmətlər aylıq ödənişə daxildir. Yataqxanaya yerləşmək üçün depozit tələb olunmur. Otaqlar əsasən 2 və 3 nəfərlikdir, bəzi hallarda isə 4 nəfərlik otaqlar da mövcuddur. Yeni tədris ili ilə bağlı hazırda yataqxanada genişmiqyaslı təmir işləri aparılmır. Bunun səbəbi yataqxananın bir hissəsində hazırda məcburi köçkünlərin məskunlaşmasıdır. Məcburi köçkünlər tamamilə öz daimi yaşayış yerlərinə köçdükdən sonra yataqxanada təmir və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Köçürülmə prosesindən sonra binanın vəziyyəti qiymətləndiriləcək və zərurət yaranacağı təqdirdə müvafiq təmir işləri həyata keçiriləcək”.

Sumqayıt Dövlət Universitetinin (SDU) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, universitetin müasir tələbə yataqxanası yeni tədris ili üçün tam hazırdır.

Azərbaycandakı universitetlərin yataqxana imkanları: Kimlər pulsuz qala bilərlər? - ARAŞDIRMA - FOTO

“Tələbələrin rahat, təhlükəsiz və komfortlu yaşayışını təmin edən Sumqayıt Dövlət Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib və yeni tədris ili üçün tam hazır vəziyyətdədir. Yataqxanada 124 qız və 124 oğlan tələbə üçün olmaqla, ümumilikdə 248 çarpayılıq yaşayış yeri mövcuddur. Bununla yanaşı, I mərtəbədə yerləşən 4 qonaq otağında 8 çarpayı, eləcə də qonaq tələbələr üçün nəzərdə tutulmuş 3 otaqda 9 çarpayı istifadəyə hazırdır.

Tələbələr 3 və 4 nəfərlik tam təmirli, müasir standartlara cavab verən otaqlarda yerləşdirilir. Yataqxananın II və III mərtəbələri oğlan, IV və V mərtəbələri isə qız tələbələrin istifadəsi üçün ayrılıb. Aylıq yaşayış haqqı 70 manat təşkil edir. Bu məbləğə yalnız kommunal xidmətlər daxildir və depozit tələb olunmur. SDU yüksək nəticə göstərən abituriyentləri dəstəkləməyə davam edir. 500 və daha yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələr üçün yataqxanada yerləşmə tam ödənişsizdir. Bu tədris ilindən başlayaraq rəhbərliyin göstərişi ilə şəhid ailələrinin övladları üçün də yataqxana ödənişsizdir”.

Bakı Slavyan Universitetinin (BSU) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, universitetin balansında ümumilikdə 4 tələbə yataqxanası mövcuddur.

Azərbaycandakı universitetlərin yataqxana imkanları: Kimlər pulsuz qala bilərlər? - ARAŞDIRMA - FOTO

“Bu yataqxanalarda məcburi köçkün ailələri məskunlaşıb. Dövlət tərəfindən həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində son dövrlərdə bir sıra ailələr doğma yurdlarına qayıdıblar.

Hazırda universitetin yalnız 3 saylı yataqxanasının iki mərtəbəsi yerli və əcnəbi tələbələrin istifadəsinə ayrılıb. Hər tədris ilinə hazırlıq çərçivəsində yataqxanada mütəmadi olaraq hazırlıq işləri aparılır. 3 saylı yataqxana ümumilikdə 120 nəfər tələbənin yerləşdirilməsi üçün nəzərdə tutulub. Tələbələr 2 və 3 nəfərlik otaqlarda yerləşdirilirlər. Yataqxanada aylıq yaşayış haqqı yerli tələbələr üçün 50 AZN, əcnəbi tələbələr üçün isə 100 AZN təşkil edir. Bu ödənişə yaşayış, təmizlik xidməti, camaşırxana, mühafizə və bütün kommunal xidmətlər daxildir. Tələbələrdən kommunal xərclərə görə əlavə ödəniş və depozit tələb olunmur”.

Əvvəlki məqaləQazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir