Binəqədi kəndinin qədim tarixi – Kəndin qədimliyini sübut edən faktlar…

0
125
bineqedi-rayonu-bineqedi-binagadi

Binəqədi kəndinin qədim tarixi – Maraqlı faktlar Mənim Binəqədi kəndi ilə tanışlığım Bu 1947-ci ilə təsadüf edir. Bizim evimiz Binəqədidə “Artistlər evi”nə yaxın idi. Günümüzdəki Nəsimi bazarının yaxınlığından Kirov qəsəbəsinə (hazırda M.Ə.Rəsulzadə) kukuşka gələrdi və bu qəsəbə çox yaşıllıq idi. Qəsəbədəki körpünü keçdikdə isə bura tam ağaclıq idi. Bura bayram günlərində çox təm-təraqlı olardı. Atam da hərdən-hərdən bayram günlərində bəzi dostları, anam və mənimlə buraya gələrdi. Həmin məqamlarda Binəqədi kəndindən də buraya gələnlər olardı. Amma yadımda qalanı odur ki, Binəqədidən əsasən gənclər, cavanlar gələrdi. Zaman keçdi təkcə Binəqədi deyil, bütün Abşeron kəndləri, onların tarixi, burada yaşayan insanların nəsl-nəcabətləri, hansı vilayətlərdən gəlmələri, el demişkən Abşeronun üstü ilə yanaşı, onun alt qatları ilə də məlumatlı oldum. Binəqədi kəndini, onun tarixini ilk olaraq oradan çıxarılan neft-qaz tarixi, “Yanar dağ” tarixi və hazırda da qoruq kimi müdafiə olunan “Mazut göl”ü tarixidir və ilk olaraq deyə bilərəm ki, bu göldən çıxarılan quş və heyvanat sümüklərinin tarixi yetərlidir ki, həmin məskənin tarixini yaşadığımız eradan qat-qat əvvəllərdən hesablayaq. Bəzi tarixi məlumatlara və hazırda Binəqədidə yaşayan yaşlı insanlara görə, Binəqədi kəndi Bakının ən qədim kəndlərindəndir. Bu kəndin adı əvvəllər Bineyiqədim, sonralar Bineyiqazi və nəhayət formalaşaraq Binəqədi adlanmışdır. Qədim dövrlərdə Binəqədi əhalisi əsasən əkinçilik, heyvandarlıq, toxuculuq və ticarətlə məşğul olmuşlar. Onlar heyvanatı dağ və dağətəyi yerlərə aparmış və kəndə ancaq qış aylarında dönmüşlər. Bununla yanaşı Binəqədi əhalisi duz çıxarmaq, təmizləmək və satmaq işlərilə də məşğul olardılar. Başqa bir məqam isə Binəqədi əhalisi onların birbaşa həyətlərində olan neftdən də bəhrələnmişlər. Yer qatı üstündə olan bu neftdən (mazutdan) əsasən bir çox dərdlərin dərmanı kimi istifadə etmiş, Şirvanın ayrı-ayrı yaşayış bölgələrinə apararaq, bəzi xəstəliklərin şəfavericisi olmuşlar. Əgər Binəqədi qəbirstanlığı yaxşı araşdırılarsa, burada insan yaşayışı haqqında daha müffəssəl fakt əldə etmək olar. Bəzi araşdırıcılara görə burada əsrimizin 670-ci ilinə aid qəbirlər mövcuddur. Bu günkü məlumatlara görə Binəqədidə ilk yaşayış evləri “Yanar dağa” çox yaxın olub. Su çıxarılan və odanlar adlanan sahədə isə insanlar xeyli sonralar məskunlaşmışlar. Kəndin indi yerləşdiyi yer keçmiş palçık vulkanının yaratdığı dağın ətəyidir. Kəndin qədimliyini sübut edən digər mənbə isə kənd məscidinin girəcəyindəki kitabə və oradakı 849 rəqəmidir. Hazırki Binəqədi bölgəsi, Binəqədi rayonunun 1936-ci ildən şəhər tipli qəsəbəsidir, rayon kimi böyük ərazini əhatə edir. Qeyd etdiyimiz kimi Binəqədidəki bitumlu göl alimlər tərəfidən dördüncü dövrə aid edilir. Binəqədi Abşeronun qədim yaşayış məntəqələrindən olmaqla, 1940-cı ildə burada qədim kərgədanın elmə məlum olmayan növünün skleti, həmçinin çoxlu quş və heyvan sümükləri tapılmışdır. 1963-cü ildə Binəqədidə Tunc dövrünün sonlarına aid qəbirdən qadın skeleti, tunc üzük, sancaq, qolbağ, 200-ə qədər muncuq, cilalanmış qara boyalı gil qab, gil piyalə və s. aşkar edilmişdir. Binəqədidəki ilk tapılan neft yataqları Bakı şəhərinin 8-10 km şimalıda, Abşeron yarmadasının mərkəzi hissəsindədir. Bu sahədə Keyrəki, Abix, Ziyilpiri, Keçəldağ, Kiçikdağ palçıq vulkanları, Masazır, Bostanarşor, Binəqədişor və s. şor göllər mövcuddur. 1891-ci ildən P.Y. Valoroviç, sonralar isə J.M. Qubkin və digərləri Binəqədinin geoloji quruluşunu, neft-qazlılığını öyrənmişlər. Nəticədə geoloji quruluşunda Maykop, Çokrak, Diatome, Pont məhsuldar qat, Akçaqıl, Abşeron çöküntülərini öyrənə bilmişlər. Binəqədidəki yataqlar asimmetrik antiklinal quruluşlu qırışıqla əlaqədarlığı müəyyən edilmişdir. Qırışığın şimal-şərq qanadında layların yatım-bucağı 55-70, cənub-qərb qanadında isə eninə keçən bir neçə tektonik qırılmalarla parçalanmışdır. Deyilən səbəblərdən bu ərazilərdə tikinti işlərinin aparılması məqsədyönlü deyildir. Binəqədidə neft-qaz məhsuldar qat və üst Miosen çöküntülərindəndir. Binəqədidə çıxarılan neftin xüsusi çəkisi 0,820-0,890-dır ki, bu da üst Miosenə aiddir. Binəqədinin faunasına gəldikdə isə, Binəqədi kəndindən 1 km cənub-şərqdə bitum yataqlarında aparılan qazıntı zamanı 1938-ci ildə azərbaycanlı geoloq Ə.S. Məstanzadə tərəfindən elmi olaraq dəyərləndirilmişdir. Binəqədi tapıntılar Abşeron yarmadasının Pleystosen faunası, hətta florası haqqında da aydın təsəvvür yaradır. Buranın bitki örtüyünün zənginliyi və su ilə əlaqədar olan həşaratların çoxluğu burada şirin su olmasına sübutdur. Qədimdə Binəqədi yaxınlığındakı şirin su mənbələrindən biri heyvanların suvatı olmuşdur. Zaman keçir neftli laylarda gedən qarışıqlıqlar nəticəsində neft yerin üzərinə çıxmış və şirin su gölünə də axmışdır. Neftin yüngül fraksiyaları buxarlandıqdan sonra gölün dibində, sahilində qalmış qatı neft təbəqəsi “tələyə” çevrilmiş və buraya su içməyə gələn kərgədan, ibtidai öküz, nəhəng maral kimi güclü heyvanlar belə batıb qalmışlar. Binəqədi gölündə aşkar edilən 50.000 növ onurğalı heyvandan 40-ı məməli, 110-u quş, 2-si sürünən və 1-i suda-quruda yaşayandır. Bundan əlavə, onurğasız heyvanlardan 107 növ həşarat və 22 növ bitki qalığı tapılmışdır. Söylədiyimizdən əlavə burada son illər aparılmış elmi axtarışlar Binəqədi kəndi, onun neft-qaz yataqları, faunası, florası və tarixi haqqında olan məlumatları daha da zənginləşdirmişdir. Binəqədi kəndi, onun adı ilə əlaqədar bir məqamı da qeyd etmək daha da vacibdir. Binəqədi sözünün həqiqi kökü Binə-dir. Binənin mənası isə həm çox qədimlərdə və həm də günümüzdə maldarlıqla, qoyunçuluqla məşğul olan əhalinin yaylağa gedərkən, qışlağa dönərkən axşamlandıqları yerdir ki, həmin yerlərə xalqımız binə demişlər. Binə müvəqqəti olaraq bir gün, yaxud maldarların bir neçə gün özlərinə verdikləri dinclik üçün olan yerdir. Bu qayda xalqımızda əkinçilik mədəniyyətindən də çox qabaqlardan başlayır. Qeyd edək ki, tibbi, bioloji, fizioloji elmlərin nəticələrinə görə ən qədim insanlar heyvandarlıqla məşğul olanlardır və onların qan qrupu bir olmaqla hazırda da mövcuddur və ən universal, təmiz qan qrupu sayılır. Bu mənada özünü Binəqədi kəndinin ən qədim insanlarını, tayfalarını təmsil etdiklərini iddia edənlər varsa, qan qruplarını yoxlatdıra bilərlər. Ayrı-ayrı bölgələrdən gələnləri nəzərə almasaq, kənd yaşlılarına görə Binəqədidə 9 tayfa yaşamışdır.

Ardı var…

Ziyadxan Nəbibəyli

Əvvəlki məqaləƏr arvadını döyərək xəstəxanalıq edib
Növbəti məqalədəXocəsən poçt şöbəsində işçini bıçaqla vurub qaçanlar saxlanıldı