Pensiya yaşı tamam olan şəxslərin NƏZƏRİNƏ – Nazirdən AÇIQLAMA

0
61

Azərbaycanda pensiya yaşı tamam olan istənilən şəxs heç bir orqana müraciət etmədən pensiya və müavinətlə təmin edilir.

Bineqedi.info saytı trend-ə istinadən bildirir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, nazirlik elektron pensiya təyinatı sistemini tətbiq edəndən sonra bu proses reallaşıb.

“Biz elektron pensiya və elektron müavinət təyinatı qanunvericiliyini irəli sürəndə çoxları bu sistemin tətbiqinin problemlər yaradacağını, tətbiqin reallaşmayacağını deyirdi. İddia olunurdu ki Azərbaycanda elektron bazalar və məlumatlar kifayət qədər deyil, bu prosesdə səhvlər olacaq. Araşdırmalarımız göstərdi ki, bizim bazada olmayan məlumatların işlənməsinə görə səhv ehtimal 5-7 faizdir. Amma bu faizi təmizləmək 5 ildir. Ona görə də biz qərar qəbul etdik və 2019-cu ildən biz başladıq elektron təyinatları bu sistemi tətbiq etməyə və çıxan səhvləri aradan qaldırdıq. Bu gün bu məsələ reallaşıb. Hazırda fəxrlə deyə bilərəm ki, bu gün 500 min insan pensiya yaşı tamam olan gün heç bir qapı döymədən, heç bir orqana getmədən, heç bir sənəd yığmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ad günü təbriki alır və pensiya təminatı barədə ona məlumat verilir, bu hüququ əldə edir və pensiya ilə təmin edilir.

Amma həmin tətbiqə qədər pensiya yaşı tamam olan şəxs bununla bağlı sənəd toplamağa 3 ay vaxt sərf edirdi. İndi bu problem tam aradan qaldırılıb”, – nazir bildirib.

Qeyd edək ki, Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib.

Bineqedi.info saytı xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik etməsi ilə mümkün olub.

Dəyişikliklə vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı da ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.

Eyni zamanda pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.

Sağlamlıq imkanları məhdud uşağını təkbaşına böyüdən atalar pensiyaya tez çıxa biləcəklər.

Bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik etməsi ilə mümkün olub.

Belə ki, anası vəfat etdiyinə və ya anası ilə atasının nikahına xitam verildiyinə, yaxud anası valideynlik hüququndan məhrum edilmiş sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara da 5 il erkən pensiya çıxmaq hüququ veriləcək.

Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə çalışanların güzəştli şərtlərlə əmək pensiyası hüququ da dəyişir.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olub.

Dəyişikliyə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

 

Bineqedi.info

Əvvəlki məqaləBinəqədi rayonu ərazisində abadlıq və cari təmizlik işləri davam edir – FOTOLAR
Növbəti məqalədəBinəqədi rayonunda avtomobil şadlıq sarayının qarşısındakı 5 maşına çırpıldı – FOTOLAR