Sahil Babayev: “Gənclər arasındakı işsizliyin ümumi göstəricidən artıq olması təbii haldır”

0
1912

“Gənclər arasında işsizlik daha yüksəkdir və bu, dünyada olan bütün ölkələr üçün xarakterikdir. Yəni gənclər arasında işsizlik hər zaman ölkə üzrə ümumi işsizlikdən artıq olacaq və bu, tam təbiidir”.

Bineqedi.com report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, dünyanın hər yerində gənclərin iş tapması daha çətindir:

“Bunun üçün proqramlar olmalıdırmı? Bəli, olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik”.

“Azərbaycanda effektiv pensiya yaşı 62-dir və 65 yaş normativ yaşdır. Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş çoxsaylı güzəştlər nəticəsində effektiv yaş 62-dir. Bu, dünyada ən aşağı yaşlardan biridir”.

Nazir bildirib ki, ömür uzunluğu pariteti ilə götürsək, Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir:

“Bu da pensiyada olmanın ən yüksək rəqəmlərindən biridir. Əgər biz pensiya sistemini, sosial təminat sistemini dağıtmaq istəyiriksə, istənilən opportunist illər, rəqəmlər səsləndirilə bilər. Deyək ki, 30 yaşından pensiya olacaq, lakin bunun altında nəzəri, elmi təhlil olmalıdır. Dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri Azərbaycandadır. Bu da 15 ildir. Xüsusi güzəştli təbəqə – hərbçilər, əlilliyi olan insanlarımız və digərləri üçün pensiya dövrü 18 ildir. Bu da dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri hesab olunur. Bu rəqəmlər 1 milyon 100 min sayda pensiyaçıya əsaslanır”.

“Ölkədə ünvanlı sosial yardımın əhatə dairəsi ciddi şəkildə artırılıb və bu gün həmin yardımları alan şəxslərin sayı 300 minə yaxınlaşıb”.

Nazir bildirib ki, ölkədə yaşayış minimumu 246 manat, onun ikiqatı məbləğində isə əhaliyə ünvanlı sosial yardım ödənilir və kifayət qədər də əhatə dairəsi genişdir: “Bəli, bunu artırmaq da olar. Əlbəttə, onun ölçüsü yoxdur. Hətta əhalinin 100 faizinə də vermək olar. Bəs sonra bu nə ilə nəticələnəcək, əhalini hara aparacaq?! Passiv sosial ödənişin artması nəticəsində nəinki ölkədə, eləcə də bütün dünyada aparılan analizlərin nəticəsi ondan ibarətdir ki, passiv ödənişlər artdıqca aktiv məşğulluq azalır. Bu, 5-10 il sonrası üçün ölkədə işləyənlərin sayının kəskin azalması deməkdir. Bu səbəbdən hesab edirik ki, Azərbaycanın bu məsələdə konservativ yanaşması davam etməlidir”.

Əvvəlki məqaləBinəqədi sakini: “65 yaşlarında bir şəxs evə girərək hamilə yoldaşıma hücum edib” – İddia
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTO