Gələn il maaş və pensiyalar artırılacaq – Prezidentdən göstəriş

0
3083

“İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda 7 faiz olub”.

Bineqedi.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.

Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlət başçısı qeyd edib. “Onu da bildirməliyəm ki, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq”.

“Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir”.

“Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər”, – deyən dövlət başçısı belə cəhdlər olduğunu və olacağını bildirib.

Prezident deyib ki, onların heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq:

“Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq”.

“Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır. Ona görə bu, ciddi məsələdir”.

Bu barədə Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

Azərbaycanın şərtlərinin yerində qaldığını xatırladan dövlət başçısı qeyd edib: “Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır”.

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunub.

Dövlət başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlayıb. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcəyin nədən ibarət olacağı haqda heç öz fikirlərini formalaşdırmışdılar. Ermənistanın məsələni süni şəkildə uzatdığını vurğulayan Prezident deyib:

“Bu günə qədər birinci layihəmiz Ermənistana göndəriləndən 10 şərhlər mübadiləsi olub. Aylar keçdikcə təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini daha operativ və çevik bizə verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi”.

Dövlət başçısı bir sıra məqamların Ermənistanın, əslində, sülh istəmədiyini, vaxtı uzatmaq istədiyini deməyə əsas verdiyini vurğulayıb.

“Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu bizi sakitləşdirməməlidir”.

“Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir”, – deyə dövlət başçısı vurğulayıb.

Əvvəlki məqaləBinəqədidə şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub
Növbəti məqalədəElxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO